...

28 may - Respublika Günü Norveçdə qeyd olunacaq

Cəmiyyət Materials 27 May 2011 17:46 (UTC +04:00)
Norveçdə "Saqene Beynəlxalq Festivalı"nda 28 May- Respublika Günü qeyd ediləcək.
28 may - Respublika Günü Norveçdə qeyd olunacaq

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir T.Hacıyev/

Norveçdə "Saqene Beynəlxalq Festivalı"nda 28 May- Respublika Günü qeyd ediləcək.

28 May- Respublika Günü münasibəti ilə Norveçin paytaxtı Oslo şəhərində Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təşkilatçılığı ilə möhtəşəm bayram tədbiri keçiriləcək. NAYO-nun sədri Ramil Əliyev Trend-ə bildirib ki, "Sagene Beynəlxalq Festivalı"nın bir hissəsi Azərbaycanın 28 May - Respublika Gününə həsr olunacaq. Onun sözlərinə görə, Festivalda iştirakçılara Azerbaycan Demokratik Respublikasının (ADR) yaranma tarixindən, zamanının ən humanist, mütərəqqi qanun və qaydalarından, regionda ilk demokratik respublika olması və süqutu haqqında geniş məlumat veriləcək.

"Festival çərçivəsində Norveç Konservatoriyasının tələbəsi, həmyerlimiz, istedadlı musiqiçi Əhməd Mirzəyev sazda YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına salınan Azərbaycan aşıq musiqisinin gözəl nümunələrini ifa edəcək. Musiqi ilə yanaşı, NAYO-nun norveçli-azərbaycanlı gənclərin iştirakı ilə hazırladığı "Azərbaycan gənclərin gözü ilə" adlı foto sərgi də nümayiş olunacaq. Sərgidə yer almış rəsmlərdə Azərbaycanın təbiəti, tolerantlığı və gənclərimizin bugünkü inkişafı yolları və s. mövzular təsvir edilib. Festivalın beynəlxalq mədəniyyətlərin bölümündə isə Azərbaycanla bağlı nəşr materialları, milli yeməklərimiz və geyimlərimiz iştirakçılara göstəriləcəkdir" - Əliyev əlavə edib.

Əliyev onu da qeyd edib ki, "Saqene Beynalxalq Festivalı" Oslo meriyasının Saqene şəhər bölməsinin, SAIFF və başqa bir sıra önəmli təşkilatların birgə təşkilatçılığı ilə keçirilir.

"Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Azərbaycan Norveç Assosiasiyası (ANA) olaraq biz də bu təşkilatın idarə heyətinin üzvüyük. Sevindirici haldır ki, Norveçin azərbaycanlılar cəmiyyəti olaraq, 28 May - Respublika Günümüzü Oslo meriyasının Saqene şəhər bölməsi səviyyəsində təşkil etmək imkanı əldə etdik. Sözügedən Festivalın bir hissəsinin Respublika Günümüzün qeyd olunmasına həsr edilməsini, bizlər Oslonun bu müstəqillik günümüzü qeyd etməsi kimi qəbul edirik", - o, deyib.

Xəbər lenti

Xəbər lenti