...

Azərbaycan İslam Partiyasının üzvlərinin cinayət işi üzrə hazırlıq iclası yekunlaşıb

Cəmiyyət Materials 21 İyul 2011 15:17 (UTC +04:00)
Hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunan Azərbaycan İslam Partiyasının sədri və 6 üzvünün cinayət işi üzrə hazırlıq iclası başa çatıb.
Azərbaycan İslam Partiyasının üzvlərinin cinayət işi üzrə hazırlıq iclası yekunlaşıb

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunan Azərbaycan İslam Partiyasının sədri və 6 üzvünün cinayət işi üzrə hazırlıq iclası başa çatıb.

Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda əlavə şahidlərin çağırılması, Azərbaycan İslam Partiyasının Bakının Nərimanov rayonu ərazisində yerləşən mənzil-qərargahının polis nəzarətindən çıxarılması və sübutlar siyahısının məhkəmədə açıqlanmasına dair vəsatətlər baxılmamış saxlanılıb.

İş üzrə məhkəmə baxışının avqustun 4-də keçirilməsi qərara alınıb.

İslam Partiyasının sədri Mövsüm Səmədov, partiyanın Astara rayon şöbəsinin sədri Rufulla Axundov, partiya sədrinin müavini Vaqif Abdullayev, Səmədovun əmisi oğlu Dəyanət Səmədov, partiya üzvləri Firdovsi Məmmədrzayev, Fəramiz Abbasov və Zülfüqar Mikayılov təqsirləndirilən şəxs qismində həbs olunublar.

Onlara qarşı Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham elan olunub.

Partiyanın sədri Mövsüm Səmədov barəsində bu il yanvarın 20-də Nəsimi rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti