Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakının küçə və prospektlərində 500 yol nişanı çatışmır.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin rəisi Vasif İslamov cümə axşamı Trend-ə bildirib ki, Nəqliyyat Nazirliyi, Bakı şəhər İcra hakimiyyəti və İdarənin nümayəndələrindən ibarət komissiya 6 aydan bir şəhərin küçə və yollarında monitorinq apararaq çatışmayan yol nişanları ilə bağlı vəziyyəti öyrənir.
Şöbə müdirinin sözlərinə görə, son monitorinq zamanı Bakının küçə və prospektlərində 500 yol nişanına ehtiyac olduğu müəyyən edilib.
"Bu nişanların sırasında sındırılan, köhnələn, itənləri də var. Bunlar haqqında müvafiq qurumlara məlumat verilib. Həmin nişanlar bərpa olunacaq", - o deyib.
Şöbə müdirinin sözlərinə görə, son 9 ayda 467 yeni yol nişanı quraşdırılıb, küçə və prospektlərdə 1491 yol nişanı dəyişdirilib, 6 yeni işıqfor obyekti quraşdırılıb, 4 işıqfor obyekti isə çıxarılıb.
İdarə rəsmisi bildirib ki, bəzi ərazilərdə yol nişanlarının ayrı-ayrı şəxslər tərəfindən sındırılması, çıxarılması hallarına rast gəlinir.
"Sürücülər hərəkətlərinə çətinlik yaranır deyə, həmin yol nişanlarını qəsdən məhv edirlər. Yol nişanları dövlət əmlakı hesab olunur və bu şəxslərin əməlləri dövlət əmlakının məhv olunması kimi tövsif olunmalıdır. Bu faktlar barədə ərazi polis idarələrinə məlumat verilir", - İslamov deyib.
Şöbə müdiri məktəblərin yaxınlığında sarı fonda "Diqqət, məktəb!" nişanlarının qoyulduğunu deyib.
20-yə yaxın yerdə bu nişanların qoyulduğunu deyən İslamov bildirib ki, bu nişan olan yollarda yeraltı və yerüstü keçidlər olsa belə, sürücülər həmin yollarda diqqətli olmalı, sürəti azaltmalıdırlar.