...

Azərbaycan Hematologiya İnstitutu süni qandan istifadəni vacib sayır

Cəmiyyət Materials 27 Oktyabr 2011 12:24 (UTC +04:00)
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Azərbaycanda da süni qandan istifadəni vacib hesab edir.
Azərbaycan Hematologiya İnstitutu süni qandan istifadəni vacib sayır

Azərbaycan, Bakı, 27 oktyabr / Trend müxbir İ.İsabalayeva/

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Azərbaycanda da süni qandan istifadəni vacib hesab edir.

İnstitutun direktoru Azad Hacıyev cümə axşamı Trend-ə bildirib ki, Azərbaycanda süni qandan istifadə çox yaxşı hal olardı. Onun sözlərinə görə, süni qandan istifadə qanın təhlükəsizliyi təmin edilə bilər.

Təbii qandan istifadə zamanı insandan insana müxtəlif infeksiyaların, xüsusilə daha təhlükəli olan İİV, hepatit və s. keçməsi mümkündür. Süni qanda isə bu risk olmur. Bundan əlavə, təbii qan istifadədən əvvəl mütləq qan xidmətləri müəssisələrində yoxlanılmalıdır. Süni qanda isə buna ehtiyac yoxdur. Amma süni qanın mənfi cəhəti onun bədəndə çox qalmaması, qan hüceyrələrinin tez parçalanmasıdır. Ona görə də hələ ki süni qanın tam şəkildə təbii, donor qanı ilə əvəz olunması mümkün deyil.

Hacıyev deyib ki, bəzi ölkələrdə hazırda süni qandan yalnız tədqiqatlar məqsədilə istifadə edilir. Süni qan kliniki praktikada hələ geniş istifadə edilmir.

"Süni qan tam olaraq istifadə edilə bilsə, bu, çox böyük kəşf olacaq. Bu kəşf hətta xüsusi mükafata layiqdir. ABŞ-da bir ilə yaxındır ki, süni qan bankı açılıb. Amma onun vahidi çox bahadır. Süni qanın 1 vahidi 5000 dollara və daha yüksək qiymətə satılır. Ona görə də elə etmək lazımdır ki, bu, daha ucuz başa gəlsin", - institut direktoru əlavə edib.

İngiltərə və Şotlandiya alimləri tibb tarixində ilk dəfə olaraq, süni qanı ixtira ediblər. İranlı tədqiqatçılar isə süni qanı laboratoriya mərhələsində sınaqdan keçirərək çox müsbət nəticələr əldə ediblər. Onlar bildiriblər ki, bu qan dondurula və bütün qan qruplarına tətbiq oluna bilər.

Xəbər lenti

Xəbər lenti