Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan daxili işlər orqanlarında bir sıra kadr dəyişiklikləri olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov şənbə günü Trend-in sorğusuna cavab olaraq bildirib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Suraxanı Rayon Polis İdarəsinin (RPİ) rəisi Etibar Qazıyev daxili işlər orqanlarında xidmətkeçmənin son yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərilib.
Digər əmrə əsasən Nəsimi PRİ-nin rəisi Məmməd Mikayılov Suraxanı PRİ-yə rəis təyin olunub. Xəzər RPİ-nin rəisi Musa Musayev isə Nəsimi RPİ-yə rəis göndərilib.
Eyni zamanda nazirin əmri ilə Zaqatala Rayon polsi şöbəsinin rəisi Faiq Şabanov Xəzər RPİ-yə rəis təyin edilib. Şəki RPŞ-nin rəisi Azad Məmmədovla Şabran RPŞ-nin rəisi Eldar İlyasovun yerləri dəyişdirilib.