...

Azərbaycanda pensiyaçılara sürücülük hüququ hansı qaydada verilməlidir?

Cəmiyyət Materials 9 Dekabr 2011 10:54 (UTC +04:00)
Azərbaycanda pensiyaçılara sürücülük hüququ məhdud müddətlərə verilir
Azərbaycanda pensiyaçılara sürücülük hüququ hansı qaydada verilməlidir?

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda pensiyaçılara sürücülük hüququ məhdud müddətlərə verilir.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, yaşı 60-dan yuxarı olan şəxslərə sürücülük hüququ məhdud müddətlərə verilir.

Əliyevin sözlərinə görə, ilk dəfə sürücülük hüququ 10 il müddətinə verilir və bu müddət başa çatandan sonra hər dəfə 10 il müddətinə uzadılır.

Lakin 60 yaşdan sonra 70 yaşa qədər olan müddətdə hər sonrakı yaş üçün müddət bir il azalır.

"Belə ki, 61 yaşda 9 ilə, 62 yaşda 8 ilə və s. verilir. 69 yaşda isə 1 il müddətinə verilir", - şöbə rəisi deyib.

Əliyev qeyd edib ki, 70 yaşdan sonra sürücülük hüququ 2 il müddətinə verilir və 2 ildən sonra tibbi müayinədən keçməklə bu müddət daha 2 il uzadıla bilər.

Onun sözlərinə görə, Azərbaycanda yaşlı şəxslər tərəfindən ağır yol qəzalarının törədilməsi hallarına nadir hallarda rast gəlinir.

"Onlar qanunlara, yol hərəkəti qaydalarına daha ciddi riayət edir, sürət həddini aşmırlar", - Əliyev deyib.

Qeyd edək ki, Rusiyanın Dövlət Dumasında pensiyaçıların sürücülük hüququnun məhdudlaşdırılması barədə təklif verilib. 65 yaşı olanlara sürücülük hüququnun 10 il yox, 5 il müddətinə verilməsi təklif olunur.

Təklif müəllifləri hesab edirlər ki, yaşlı adamlar yolda təhlükə mənbəyidirlər. Onlarda ürək tutmalar, insulta meyl çox olduğundan qəza riski yüksək olur.

Xəbər lenti

Xəbər lenti