Azərbaycan, Bakı, 19 dekabr / Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda, xüsusilə də Bakıda növbətçi yol nişanlarının tez-tez qoyulub götürülməsi sürücülərin narazılığına səbəb olur. Trend-in redaksiyasına daxil olan müraciətdə qeyd olunur ki, Bakının Nizami rayonu ərazisində, Xəzər Univeristetinə gedən yolda "Giriş qadağandır" yol nişanı bir ildə bir neçə dəfə qoyulur və sonradan götürülür.
Müraciətdə sürücülər həmin yolda heç bir təmir işləri aparılmadan, birtərəfli yol olduğu halda "Giriş qadağandır" yol nişanının qoyulmasının hansı zərurətdən yarandığını öyrənmək istəyirlər. Sürücülər qeyd edirlər ki, heç bir xəbərdarlıq olmadan qoyulan növbətçi yol nişanlarından sonra yol polisləri sürücüləri kütləvi şəkildə cərimələyirlər.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bazar ertəsi Trend-ə bildirib ki, növbətçi yol nişanları yolda təmir-tikinti işlərinin aparılması ilə bağlı qoyula bilər.
Şöbə rəisi bildirib ki, sürücülər avtomobili idarə edərkən diqqətli olmalı, avtomobili intuisiya ilə deyil, yol nişanlarının tələblərinə uyğun sürməlidirlər.
"Sürücü yolda avtomobili vərdiş etdiyi formada idarə etməməlidir. Hər bir yolda nəqliyyat vasitəsini idarə edərkən ordakı nişanlanma xətlərinə, yol nişanlarına diqqət yetirməlidir. Sürücü yol nişanına fikir vermirsə, bu, artıq inzibati xətadır. Belə çıxır ki, həmin yoldan piyada keçsəydi, "mən yola fikir vermədim" deyəcəkdi. Bu, yanlış yanaşmadır", - Əliyev deyib.
Onun sözlərinə görə, qanunvericilik belə nişanların qoyulması ilə bağlı xəbərdarlıq məlumatının verilməsi ilə bağlı tələb qoymur.
"Bu barədə məlumatı hər bir sürücüyə bir-bir çatdıra bilmərik. Ümumi məlumat verilsə belə, sürücülərin 15-20 faizi bu informasiyanı əldə edə bilər. Sürücü istənilən halda birinci növbədə yol nişanlarının və nişanlanma xətlərinin tələblərini üstün tutmalı və onlara müvafiq hərəkət etməlidir", - Əliyev deyib.
İdarə sözçüsü bildirib ki, növbətçi nişanlar Baş İdarənin "Siqnal" İdarəsi, təmir işini aparan qurum - Nəqliyyat Nazirliyi tərəfindən qoyulur.
"Yol hərəkətinin təşkilində dəyişiklik olarsa, Nazirlər Kabinetinin qərarı ilə yolun hərəkət istiqaməti də dəyişdirilə, ona uyğun nişanlar da qoyula bilər", - o deyib.