...

Metadonla müalicə ilə narkoloji asılılıqdan tam azad olmaq mümkündür?

Cəmiyyət Materials 21 Dekabr 2011 13:33 (UTC +04:00)
Azərbaycanda metadonla müalicə ilə narkoloji asılılıqdan tam azad olunmaq mümkündür
Metadonla müalicə ilə narkoloji asılılıqdan tam azad olmaq mümkündür?

Azərbaycan, Bakı, 21 dekabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda metadonla müalicə ilə narkoloji asılılıqdan tam azad olunmaq mümkündür.

"Metadon müalicə üçün istifadə edilsə də, hər narkotik preparat kimi onun da mənfi təsiri var. Bu isə həmin preparatın sintetik narkotik olması ilə əlaqəlidir. Amma buna baxmayaraq, metadonla müalicə nəticəsində narkoloji asılılıqdan tam azad olmaq olar" Bunu çərşənbə günü Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin təşkilati metodoki işlər üzrə direktor müavini Aytən Səmədova deyib.

O bildirib ki, 2010-cu ilin statistikasına görə, mərkəzdə 25 489 nəfər narkoman qeydiyyata alınıb. Hazırda isə ölkə üzrə yalnız 152 nəfər narkoman metadonla müalicə edilir. Bunu az rəqəm hesab etməyən direktor müavini qeyd edib ki, metadon bütün narkomanların müalicəsi üçün təyin edilmir.

"Metadonla müalicə proqramına daxil olmaq üçün narkoman ən azı 2 il ərzində narkotik preparatları qəbul etməli, xəstənin ən azı 2 dəfə uğursuz nəticələnmiş müalicəsi olmalıdır. Bunlardan əlavə, yanaşı xəstəliklər - vərəm, diabet, qarışıq ruhi pozuntular olduqda da narkomanların müalicəsi üçün metadondan istifadə oluna bilər. QİCS-li xəstələr də metadonla müalicə proqramına daxil ola bilər. Hepatit B xəstəliyi ilə bağlı preparatların qəbulu nəticəsində fəsadlar varsa, belə narkomanlar üçün metadonla müalicənin tətbiqi mümkündür", - Səmədova deyib.

O əlavə edib ki, metadonla müalicə edilən xəstələrdə bu dərmandan istifadəni birdən-birə dayandırmaq olmaz.

Narkomanların müalicəsi zamanı həkimlər tərəfindən metadonun istifadəsinin qəfildən dayandırılması barədə söhbətləri əsassız sayan mərkəzin direktor müavini qeyd edib ki, xəstəni metadonla müalicə edən həkimlər bu dərmandan istifadəni birdən-birə dayandırmırlar.

"Həkimlər xəstə üçün metadonun istifadəsini heç bir səbəb olmadan birdən-birə kəsmirlər. Narkoman metadonla müalicə olunursa və o, detoksikasiya (narkomanların kompleks müalicəsinin ilk mərhələsidir) mərhələsini keçirsə, narkoman xəstə özü metadonun dozasını tədricən azaltmaqla proqramdan çıxa bilər", - Səmədova qeyd edib.

Metadon narkomanların müalicəsi üçün istifadə edilən effektiv dərmandır. Metadonun tarixi 60 ildən çox hesablanır. 1963-cü ildən narkomanların müalicəsi üçün tibbdə "Metadon" proqramı tətbiq edilir.

Xəbər lenti

Xəbər lenti