Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda bu il magistraturaya sənəd qəbulunun fevralın əvvəlində keçirilməsi nəzərdə tutulur.
Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev cümə axşamı keçirdiyi mətbuat konfransında deyib ki, sənəd qəbulunun fevralın sonuna yaxın yekunlaşdırılması planlaşdırılır.
Onun sözlərinə görə, fevralın sonunda isə magistraturaya qəbul imtahanlarının ilk mərhələsinin keçirilməsi nəzərdə tutulur. İmtahanın ikinci mərhələsi iyunun sonunda olacaq.
Babayev deyib ki, magistraturaya plan yerlərinin sayı da təxminən ötənilki kimidir. Ötən il olduğu kimi, bu il də magistratura üçün 5000-dən çox plan yeri ayrılıb.
Azərbaycanın ali məktəblərində yeni magistr ixtisasları da yaradılıb. TQDK rəsmisi bildirib ki, yeni ixtisasların bəzilərinə bu ildən, bəzilərinə isə növbəti ildən qəbul aparılması planlaşdırılır.
Onun sözlərinə görə, TQDK bu il magistraturaya sənəd qəbulu zamanı elektron imzanın tətbiqini nəzərdə tutur. Hazırda bununla bağlı iş aparılır.