...

"YARAT!" təşkilatı ilk "012 Bakı Public Art Festival"ın açıldığını elan edib

Cəmiyyət Materials 16 Fevral 2012 11:46 (UTC +04:00)
Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatı birinci "012 Bakı Public Art Festival"ın açılışını sevinc hissi ilə elan edir.
"YARAT!" təşkilatı ilk "012 Bakı Public Art Festival"ın açıldığını elan edib

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatı birinci "012 Bakı Public Art Festival"ın açılışını sevinc hissi ilə elan edir. Bu Festival Azərbaycanın paytaxtı Bakıda keçiriləcək və qədim şəhərin ictimai yerlərində yerləşdirilən bir sıra müasir incəsənət əsərlərini toplayacaq.

Fevralın 25-dən sentyabrın 1-dək keçiriləcək Festivalın sponsorları "Bank Respublika" və "Azercell Telekom" telekommunikasiya şirkətidir.

"012 Bakı Public Art Festival"da 21 tanınmış, həm də yeni fəaliyyətə başlayan rəssamlar iştirak edirlər. Onlar şəhərdə tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdirəcəklər. Rəssamlar tarixçilərlə bir yerdə məlumat toplayaraq seçdikləri yerlərin - binaların, küçələrin, parkların və hətta ayrı-ayrı eyvanların tarixini ətraflı şəkildə öyrəniblər.

Festivalın açılış mərasimində layihənin ümumi ideyası, konsepsiyası və eləcə də yaradıcılıq prosesi gedişində toplanmış eskizlər, qeydlər, fotoşəkillər təqdim olunacaqdır. Açılış mərasimi "ÜNS Yaradıcılıq Səhnəsi"ndə keçiriləcək və burada bütün eksponatlar 2012-ci il fevralın 25-dən martın 1-ə qədər tamaşaçıların seyrinə veriləcəkdir.

2012-ci il martın 9-dan başlayaraq (ilk sənət işinin təqdimi) layihə 21 həftə müddətində davam edəcəkdir. Layihə planı çərçivəsində hər cümə günü növbə ilə rəssamlar öz əsərlərini seçdiyi ərazidə yerləşdirib təqdim edəcəklər. Bu, şəhər üzrə keçirilən festivalın bir hissəsi olaraq tamaşaçıya hər bir rəssamın əsərini ayrılıqda qiymətləndirməyə imkan yaradacaqdır.

Beləliklə, rəssamlar öz əsərlərini daha açıq məkanda, geniş şəkildə təqdim edərək qalereyaların və muzeylərin yaratdığı müəyyən məhdudiyyətdən azad olaraq tam yaradıcılıq sərbəstliyi əldə edəcəklər. Bu sözsüz ki, şəhər sakinlərinin və qonaqların - geniş auditoriyanın diqqətini cəlb edəcəkdir.

Festivalda iştirak edən rəssamların əksəriyyəti gənc nəslin nümayəndələridir və onlar yaşlı nəsillə birlikdə zəngin mədəni irslə əlaqəni qoruyaraq müasir Azərbaycan incəsənətinin inkişafı üçün çalışırlar.

Aşağıda qeyd olunan iştirakçıların işləri sərgidə nümayiş olunacaq: Altay Sadıxzadə, Ağa Hüseynov, Fuad Salayev, Məmməd Mustafayev, Hüseyn Haqverdi, Mahmud Rüstəmov, Teymur Daimi, Niyaz Nəcəfov, Mehdi Məmmədov, Rəşad Ələkbərov, Əli Həsənov, Aida Mahmudova, Faiq Əhməd, Leyla Əliyeva, Fərid Rəsulov, Sitarə İbrahimova, Rəşad Babayev, Nail Ələkbərov, Orxan Hüseynov, Nəzrin Məmmədova, Şərqiyyə Rəhmanlı.

"YARAT!" təşkilatının qurucusu Aidə Mahmudova deyir: "Mən Azərbaycan incəsənətinin çoxcəhətliyini, özünəməxsusluğunu və inkişafını göstərəcək festivalı elan etməyə sevinirəm. Bütün bunlar dünyanın ən cəlbedici şəhərlərindən biri olan Bakının səhnəsində təqdim olunacaqdır. Azərbaycan mədəniyyətində təsviri incəsənət həmişə mühüm rol oynamış, Bakı isə Azərbaycan rəssamları üçün mühüm bir məkan, oriyentir olmuşdur. "012 Bakı Public Art Festival" nikbinliyi və gələcəyə inamı ifadə edən, eyni zamanda şəhərin tarixi ənənələrini və mədəni irsini nəzərə çarpdıran müasir incəsənət nümunələrinin çox maraqlı dəstini təqdim edəcəkdir".

"012 Bakı Public Art Festival" çərçivəsində bir sıra mükafatlara layiq görülmüş gənc kinorejissor Rüfət Həsənov layihənin daxili həyatı və inkişafı haqqında sənədli film çəkəcəkdir. Müəlliflərlə ünsiyyət nəticəsində rejissor layihəyə hazırlıq prosesini lentə alacaq və hər həftə sənət əsərlərinin açılması filmin kulminasiyasını təşkil edəcəkdir. Film "012 Bakı Public Art Festival"ın sentyabrda bağlanma mərasimində göstəriləcəkdir.

2011-ci ildə Aidə Mahmudova tərəfindən yaradılan "YARAT!" qeyri-kommersiya təşkilatı müasir incəsənətin həm ölkəmizdə, həm də xaricdə peşəkar surətdə irəli çəkilməsi və inkişafı ilə məşğul olur. "YARAT!"-ın ilk sərgisi 2011-ci ilin oktyabrında "Ön Söz" adı ilə keçirilmiş və bir ay ərzində 20.000 tamaşaçı cəlb etmişdir. "YARAT!"-ın müasir incəsənət məkanının təşkil etdiyi növbəti mühüm hadisə "012 Bakı Public Art Festival" olacaqdır. Beləki "YARAT!"-ın əsas məqsədlərindən biri Azərbaycanda müasir incəsənətin təbliği və peşəkar şəkildə himayə edilməsidir.

"YARAT!" həmçinin təhsil təşəbbüsləri təklif etmək, yerli və xarici rəssamlar üçün beynəlxalq tədris və yaradıcı tanışlıq proqramları hazırlamaq və həyata keçirmək niyyətindədir.

"YARAT!"-ın qurucusu Aidə Mahmudova 14 yaşından Londonda təhsil alıb. Orada məktəbi bitirdikdən sonra məhşur Central Saint Martins İncəsənət və Dizayn Kollecində oxumuşdur.

Bakıda olarkən rəssamlarla və onların yaradıcı üslubu və potensialı ilə yaxından tanış olduqdan sonra yeni birlik yaratmağın vacibliyi ideyasına gəlmişdir. Rəssam Aidə Mahmudova "YARAT!" qeyri-kommersiya təşkilatının vasitəsi ilə elə bir özül yaratmaq istəyir ki, onun sayəsində müasir Azərbaycan rəssamları peşəkar sərgidə daha artıq inkişaf edərək, daha geniş yerli və beynəlxalq auditoriya qarşısına çıxmaq imkanı əldə etmiş olsunlar. Aida həmçinin öz fəaliyyətində təsviri incəsənətdə Şərq və Qərb mədəniyyətlərinin sintezini təmsil edə biləcək bir quruma rəhbərlik etmiş olur.

Xəbər lenti

Xəbər lenti