...

Bakının Təhsil və Baş Polis idarələri internet klublarında reydlərə başlayacaq

Cəmiyyət Materials 1 Mart 2012 14:22 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhər Baş Polis İdarəsi ilə birgə gələn həftədən paytaxtdakı internet klubları və internet-kafelərdə reydlərə başlayacaq.
Bakının Təhsil və Baş Polis idarələri internet klublarında reydlərə başlayacaq

Azərbaycan, Bakı, 1 mart / Trend müxbir İ.İsabalayeva/

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhər Baş Polis İdarəsi ilə birgə gələn həftədən paytaxtdakı internet klubları və internet-kafelərdə reydlərə başlayacaq. Bunu cümə axşamı Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib.

Onun sözlərinə görə, reydlərin məqsədi şagirdlərin dərsdən yayınmasının qarşısını almaq, eyni zamanda, ictimaiyyətin diqqətini yeniyetmələrin internet-kafe və klublarda necə vaxt keçirməsinə yönəltməkdir.

Əliqızı bildirib ki, internet-kafe və klublarda vaxtlarını keçirənlər əsasən, keçid dövrünü yaşayan yeniyetmələrdir. Araşdırma zamanı həmin uşaqların internet klublarda nəyə və hansı şəraitdə baxdıqları öyrəniləcək. Reydlərin aparılmasında məqsəd şagirdlərin dərsdən yayınma hallarının qarşısını almaq, onları aludə olduqları zərərli vərdişlərdən yayındırmaqdır.

İdarə rəsmisinin sözlərinə görə, bəzi hallarda şagirdlər bir neçə dərsdə iştirak etdikdən sonra, bəzi hallarda evdən məktəbə getməyərək birbaşa internet klublarına gedirlər.

O, bəzi internet-klub və kafelərdə bağlı kabinələrin yaradılmasına və məktəbyaşlı uşaqların həmin kabinələrdə əyləşməsinə icazə verdiklərinə təəssüfləndiyini bildirib.

Bu məsələyə ictimaiyyətin diqqətinin cəlb edilməsini mühüm sayan Əliqızı deyib ki, hazırda qanunvericilikdə yeniyetmələrin cəlb edilməsinə görə internet-kafe və klublar üçün məsuliyyət nəzərdə tutulmayıb.

"Əksər internet klubları onların müştərisi olan şagirdlərin hansı məktəbin şagirdi olduğunu və dərs zamanı orada əyləşdiklərini bilirlər. Buna görə də onlar da belə hallarının qarşısını almaq üçün öz mövqelərini ortaya qoymalıdırlar", - o qeyd edib.

İnternet klublarında şagirdlərin iştirakı ilə daha əvvəl araşdırma apardıqlarını deyən Əliqızının sözlərinə görə, həmin vaxt internet-klub və kafelərdə olan məktəblilər dərsin olmadığını bildirsələr də, şagirdlər məktəblərə gətirildikdən sonra bunun düzgün olmadığı aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti