...

Azərbaycanda 1400-ə yaxın insan hemofiliya xəstəliyindən əziyyət çəkir

Cəmiyyət Materials 17 Aprel 2012 14:50 (UTC +04:00)
Hazırda Azərbaycanda 1400-ə yaxın hemofiliya xəstəsi var.
Azərbaycanda 1400-ə yaxın insan hemofiliya xəstəliyindən əziyyət çəkir

Azərbaycan, Bakı, 17 aprel / Trend müxbir İ.İsabalayeva/

Hazırda Azərbaycanda 1400-ə yaxın hemofiliya xəstəsi var. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının (HXRA) prezidenti Gülnarə Hüseynova çərşənbə axşamı Trend-ə bildirib ki, həmin xəstələrin 50 faizi məktəbəqədər və məktəbyaşlı uşaqlardır.

Hazırda bu xəstələrin dövlət reyestrinin yaradılması istiqamətində işlər aparılır. Bununla yanaşı, hazırda ölkədə hemofiliyalı xəstələr üçün regional mərkəzlər yaradılır. Həmin mərkəzlər ətraf rayonlarda yaşayan hemofiliyalı xəstələri qeydiyyata alacaq, onların mövcud sağlamlıq durumlarını izləyəcək və bununla bağlı dəqiq məlumatlar toplayacaq.

Hemofiliya xəstəliyi insan qanında bəzi laxtalanma faktorlarının irsən çatışmazlığı nəticəsində əmələ gəlir. Hemofiliya irsi xəstəlik olaraq, uşağa qadın tərəfindən keçir. Xəstəliyin əsas səbəbləri kimi mütəxəssislər yaxın qohumların nikahını, radiasiyalı ətraf mühiti, qida və tütün məmulatlarının təsirini də göstərirlər. Bu xəstəlik əsasən oğlan uşaqlarında özünü büruzə verir.

Bu xəstələrin qanında laxtalanma olmadığı üçün oynaqlarında qansızmalar baş verir. Bu da həmin şəxslərin şikəst olmasına gətirib çıxarır. Xəstənin bu vəziyyətini bərpa etmək üçün mütləq cərrahiyyə əməliyyatı aparmaq lazımdır.

HXRA rəhbərinin sözlərinə görə, 5 il bundan əvvələ qədər Azərbaycandakı hemofiliyalı xəstələr dövlət tərəfindən dərmanla təmin edilmirdi və həmin dərmanlar çox bahalı olduğu üçün xəstələr onları ala bilmirdilər. Bu səbəbdən hazırda yaşı 25-dən yuxarı olan xəstələrin müxtəlif cərrahiyə əməliyyatına ehtiyacları var.

Hüseynova deyib ki, çox ciddi xəstəlik olan hemofiliya təcili faktor preparatları ilə müalicə edilmədikdə həmin insanlar ölə də bilərlər.

Xatırladaq ki, 17 aprel Dünya Hemofiliya Günü kimi qeyd olunur. Bu gün dünyanın 116 ölkəsində, o cümlədən Azərbaycanda qeyd edilir.

Hazırda dünyada təxminən 400 min nəfər hemofiliyalı xəstə var.

Xəbər lenti

Xəbər lenti