...

Bakıda istedadlı pedaqoq və peşəkar pianoçu Aytəkin Həsənovanın xatirə gecəsi keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2012 11:41 (UTC +04:00)
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris Teatrında çərşənbə axşamı istedadlı pedaqoq və peşəkar pianoçu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi fənləri və dirijorluq kafedrasının müdiri, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq elmləri namizədi Aytəkin Həsənovanın xatirəsinə həsr olunmuş "Rekviyem" adlı anım gecəsi keçirildi.
Bakıda istedadlı pedaqoq və  peşəkar pianoçu Aytəkin Həsənovanın xatirə gecəsi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris Teatrında çərşənbə axşamı istedadlı pedaqoq və peşəkar pianoçu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi fənləri və dirijorluq kafedrasının müdiri, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq elmləri namizədi Aytəkin Həsənovanın xatirəsinə həsr olunmuş "Rekviyem" adlı anım gecəsi keçirildi.

"Ətrafındakılara köməyini əsirgəməyən, öz bilik və bacarığını tələbələrinə aşılayan, dərin nəzəri biliklərə, zəngin praktik təcrübəyə malik, əsl pedaqoq, gözəl rəhbər, Azərbaycanın və dünyanın görkəmli bəstəkarlarının yaradıcılıqlarının mahir bilicisi", - Aytəkin Həsənovanın həmkarları, yaxın dostları və tələbələri onu belə xarakterizə etdilər.

"Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi fənləri və dirijorluq kafedrasının müdiri vəzifəsində çalışmış Aytəkin Həsənova fəaliyyəti dövründə bir çox konsertlərdə, dövlət səviyyəli tədbirlərdə iştirak etmiş, adları bir çox musiqi pərəstişkarlarına tanış olan onlarla istedadlı tələbə yetişdirmişdi", - sənətşünaslıq üzrə fəlsəfə elmləri doktoru Kamilə Dadaşzadə öz çıxışında bildirdi.

Onun sözlərinə görə, Aytəkin xanım bütün həyatı boyu böyük Cəlaləddin Ruminin "Ya olduğun kimi görün, ya da göründüyün kimi ol" fəlsəfi kəlamına uyğun yaşayıb. O, Aytəkin xanımın həmişə tələbkarlığı, eyni zamanda, öz tələbə və həmkarlarına münasibətdə qayğıkeşliyi ilə fərqləndiyini qeyd etdi.

K.Dadaşzadə, həmçinin Aytəkin Həsənovanın fortepianonun tədrisi metodikasının təkmilləşdirilməsində, 30-dan artıq dərsliyin, Azərbaycan və dünya klassiklərinin əsərlərinin daxil olduğu müntəxəbatın işıq üzü görməsində əvəzedilməz rolunu qeyd etdi.

Onun həmkarları bildirdilər ki, Aytəkin Həsənovanın yaradıcılığının vacib hissəsi müşayiətçi qismində fəaliyyətidir.

Aytəkin Həsənova uzun müddət Azərbaycanın tanınmış ifaçıları Ramiz Quliyev, Gülnaz İsmaylova, Nərgiz Kərimova, Gülağa Zeynalov və başqalarını müşayiət edib. Bu çıxışların lent yazıları hazırda Azərbaycan musiqisinin qızıl fondunda saxlanılır. O həmçinin solo karyerası çərçivəsində Kirxa, Kapelhaus, Bakı Musiqi Akademiyasının böyük zalı kimi yüksək mədəniyyət ocaqlarının səhnələrində çıxış edib.

"Mən fortepianoda ifa edərkən həyatda hər şeyi unuduram", - sənətşünaslıq üzrə fəlsəfə elmləri doktoru İradə Köçərli Aytəkin Həsənovadan sitat gətirdi.

Köçərlinin sözlərinə görə, Azərbaycanda tanınmış Mir Cəlal Paşayev ailəsinin layiqli nümayəndəsi Aytəkin Həsənova həmişə yüksək mədəniyyəti, ziyalılığı, biliyi ilə fərqlənib.

"Aytəkin xanım tələbələrə təkcə ifaçılıq məharətinin zəruri biliklərini aşılamaqla kifayətlənməyib, həmçinin dünya musiqisinin ən gözəl və qiymətli nümunələrini nümayiş etdirib onların erudisiyasını və əhatə dairəsini genişləndirən əsl pedaqoqdur", - gecədə onun həmkarı və yaxın rəfiqəsi, Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyova dedi.

Onun sözlərinə görə, Aytəkin xanım çox böyük həvəs və məmnuniyyət hissi ilə tələbələrinə dərin nəzəri biliklərini, zəngin praktiki təcrübəsini verib. Onun tələbələri hər zaman məharətlə seçilmiş repertuarla çıxış edib, musiqi şedevrlərinin ifasının yüksək texnikasını nümayiş etdiriblər. Ü.Hacıbəyovanın sözlərinə görə, Aytəkin xanımla ünsiyyət, ondan dərs almaq tələbələri üçün təkcə faydalı deyil, həm də fəxr idi.

Xatirə gecəsində çıxış edən həmkarları Azər Zeynalov, Nərgiz Kərimova, Gülağa Zeynalov, Qərinə Kərimova, Səbinə Babayeva, İlqar Muradov öz ifalarını mehriban dost, gözəl insan Aytəkin Həsənovaya həsr etdilər. Qeyd etmək lazımdır ki, gecədə çıxış edənləri Aytəkin xanımın tələbələri müşayiət edirdilər.

Xatirə mərasimində Aytəkin Həsənovanın ailə üzvləri və yaxınları iştirak edirdilər.

Xəbər lenti

Xəbər lenti