...

Azərbaycanda məhkumları ən çox narahat edən problemlər

Cəmiyyət Materials 20 Aprel 2012 16:36 (UTC +04:00)
Azərbaycanda hüquqi yardım üçün müraciət məhkumlar müraciətlərinin əksər qismi sosial məsələlərlə bağlıdır.
Azərbaycanda məhkumları ən çox narahat edən problemlər

Azərbaycan, Bakı, 20 aprel / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda hüquqi yardım üçün müraciət edən məhkumların müraciətlərinin əksər qismi sosial məsələlərlə bağlıdır.

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmməov Trend-ə bildirib ki, cəzaçəkmə müəssisələrində məhkumlara hüquqi yardımların göstərilməsi ilə bağlı təşkilatın keçirdiyi görüşlərdə məhkumların ailələrinə ünvanlı dövlət sosial yardımının verilməsi, məhkumların əlilliyinin müəyyən edilməsi ilə bağlı hüquqlarının pozulduğu müəyyən edilib.

Məmmədov bildirib ki, hüquqları pozulan məhkumlara kömək məqsədilə müvafiq qurumlara müraciət ünvanlanıb, onların bir qisminin hüquqlarının bərpası məqsədilə məhkəmələrə müraciət olunub.

Təşkilat rəhbərinin sözlərinə görə, məhkumların müraciətlərinin bir qismi barələrində çıxarılan məhkəmə qərarları ilə bağlıdır.

Belə ki, məhkumlar barələrində çıxarılan məhkəmə hökmlərini ədalaətsiz hesab edir.

Məmmədovun sözlərinə görə, həmin müraciətlər əsasında aparılan araşdırmalar zamanı məlum olub ki, məhkəmə hökmündən narazı qalan məhkumların bir qismi yuxarı məhkəmə instansiyalarına müraciət etməyiblər.

Digər problem isə əcnəbi məhkumlarla bağlıdır. Məmmədov deyib ki, Azərbaycanın cəzaçəkmə müəssisələrində cəza çəkən xarici ölkə vətəndaşları cəzalarının qalan hissəsini öz ölkələrində çəkmək üçün müraciət etsə də, müraciətlərinə vaxtında baxılmamasından, vətəndaşı olduğu ölkənin onların taleyinə laqeyd münasibətlərindən şikayət edirlər.

Məmmədov bildirib ki, cəzaçəkmə müəssisələrində iranlı məhkumlar çox olduğundan, onların öz ölkələrinə göndərilmələri barədə müraciətlərinə baxılmasında ləngimə yaranır.

Həmçinin Pakistan, Banqladeş və Nigeriya vətəndaşlarının cəzalarının qalan hissəsini öz ölkələrində çəkmək üçün etdiyi müraciətlərə öz ölkələri tərəfindən laqeyd münasibət göstərilir.

Məmmədov deyib ki, bu dövlətlərlə Azərbaycanın hüquqi yardım haqqında ikitərəfli müqavilələri olmasa da, Penitensiar Xidmətin rəhbərliyi, ombudsman həmin dövlətlərin müvafiq qurumlarına müraciət edir. Lakin həmin ölkələr öz vətəndaşlarının taleyinə laqeyd yanaşırlar.

Hüquqi yardım üçün müraciət edən məhkumların müəyyən qismi isə vaxtından əvvəl şərti azadlığa buraxılmaq üçün onlara hüquqi yardım göstərilməsini istəyiblər.

Məmmədov bildirib ki, məhkumlarla görüşlərdə onlara hüquqları izah olunur, onları narahat edən problemlər öyrənilir və ehtiyac olduqda onların hüquqları məhkəmə proseslərində müdafiə olunur.

Xəbər lenti

Xəbər lenti