...

Yaxın günlərdə Şamaxının Muğanlı kəndindəki evlərin əvəzinə yenilərinin tikilməsi ilə bağlı qərar veriləcək

Cəmiyyət Materials 26 Aprel 2012 16:47 (UTC +04:00)
Yaxın günlərdə Azərbaycan hökumətinin Şamaxının Muğanlı kəndində baş vermiş torpaq sürüşməsinin ziyan vurduğu 46 evin əvəzinə həmin kəndlə həmsərhəd olan Meysəri ərazisində yeni evlərin tikilməsi ilə bağlı qərar verəcəyi gözlənilir.
Yaxın günlərdə Şamaxının Muğanlı kəndindəki evlərin əvəzinə yenilərinin tikilməsi ilə bağlı qərar veriləcək

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir İ.İsabalayeva/

Yaxın günlərdə Azərbaycan hökumətinin Şamaxının Muğanlı kəndində baş vermiş torpaq sürüşməsinin ziyan vurduğu 46 evin əvəzinə həmin kəndlə həmsərhəd olan Meysəri ərazisində yeni evlərin tikilməsi ilə bağlı qərar verəcəyi gözlənilir. Bunu cümə axşamı Trend-ə Şamaxı rayon icra başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Qasım Qasımov deyib.

Onun sözlərinə görə, evlərin dövlət vəsaiti hesabına tikiləcəyi gözlənilir. Həmin evlərdə yaşayan ailələr isə hazırda qohumlarının, tanışlarının evlərində məskunlaşıblar.

Qasımov deyib ki, rayonun 21 kəndinin ərazisində ayrı-ayrı yerlərdə sürüşmə halları var. Ümumilikdə, həmin kəndlərdə 375-ə yaxın ev sürüşmə ərazisinə düşür. Həmin evlərdəki sakinlərin isə hələ köçürülməsi nəzərdə tutulmur. Həmin evlər sürüşmədən qismən zərər çəksə də, qəzalı vəziyyətdə deyillər.

Komissiya sədrinin sözlərinə görə, Şamaxının sürüşmə sahələrində elə böyük aktivlik baş vermir.

"Şamaxının 21 kəndində olan sürüşmə sahələrinin hamısına baxış keçirilib. Həmin ərazilərdə hələ aktivlik yoxdur", - Qasımov əlavə edib.

O deyib ki, Şamaxının Şağyan və Veysəli kəndlərində də sürüşmədən zədələnmiş evlər çoxdur.

Xəbər lenti

Xəbər lenti