...

Daşkənddə Heydər Əliyevin doğum günü qeyd olunub

Cəmiyyət Materials 10 May 2012 14:55 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 10 may /Trend, müxbir D.Əzizov/

Azərbaycanın Özbəkistandakı səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş tədbir keçirib.

Trend-in məlumatına görə, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycan diasporunun nümayəndələri, Daşkənd ali məktəblərinin tələbələri və KİV təmsilçiləri iştirak ediblər.

Mədəniyyət Mərkəzinin həyətində quraşdırılan monitorda ümummilli liderin həyat və fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş etdirilib.

Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, tədbirə toplaşanlar onun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş kitab sərgisi ilə tanış olublar.

Azərbaycanın Özbəkistandakı müvəqqəti işlər vəkili Akif Əliyev çıxışında Azərbaycanın dövlətçiliyinin dirçəlməsi və möhkəmlənməsində Heydər Əliyevin böyük rolunu qeyd edib. O, ümummilli liderin Azərbaycanın sabit siyasi, iqtisadi və mədəni inkişafını təmin edən qlobal uzunmüddətli layihələrin reallaşdırılmasında rolunu xüsusilə vurğulayıb.

Diplomat Heydər Əliyevin Azərbaycan diasporunun birləşməsində rolu haqqında danışıb, ümummilli liderin Vətəndən kənarda yaşayan azərbaycanlıların problemlərinə böyük diqqət ayırmasını və Heydər Əliyevin başladığı kursun Azərbaycanın indiki Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini qeyd edib.

Daşkənddəki Azərbaycan diasporunun nümayəndələrinin çıxışlarında Heydər Əliyevin Özbəkistanla dostluq münasibətlərinin möhkəmlənməsində, respublikalarımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında əməkdaşlığın inkişafındakı rolu qeyd edilib.

Tədbirdə böyük dövlət xadiminin Azərbaycanın sabitliyi və müdafiə qabiliyyətinin möhkəmlənməsinin təmin edilməsindəki roluna həsr edilmiş "Heydər Əliyev Vətənin keşiyində" filmi nümayiş etdirilib.

İştirakçılara ümummilli liderin həyat və fəaliyyətini işıqlandıran materiallar, diplomatik nümayəndəliyin dəstəyi ilə özbək dilinə tərcümə edilən "Heydər Əliyev" kitabı təqdim edilib.

Xəbər lenti

Xəbər lenti