Azərbaycan, Bakı, 23 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda brakonyerliklə bir neçə təşkilat mübarizə aparır. Bunu çərşənbə günü jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.
Nazir bildirib ki, meşəbəyilərin məqsədli şəkildə brakonyerlərə kömək etməsi barədə fikirlər yanlışdır.
"Meşəbəyilər də Azərbaycan vətəndaşlarıdır. Meşə gözətçisi kənddə yaşayan adamdır və bəzən ali təhsili də olmur. Onu işdən çıxarıb başqasını qoyuruq. Bunların arasında vicdanlısı da, vicdansızı da ola bilər. Meşəbəyilərin məqsədli şəkildə brakonyerlərə kömək etdiyini demək yanlışdır. Belə
hallarda biz iqtisadi səbəbləri araşdırmağa başlayırıq. Əgər meşəbəyiyə təsir olunmasa, vətəndaş qanunsuz yolla əldə olunan oduna üstünlük verməsə, onun bazarı da olmayacaq. Yüzlərlə meşəbəyini işdən çıxarırıq, hüquq-mühafizə orqanlarına veririk. Bu, çıxış yolu deyil", - Bağırov deyib.
Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə ardıcıl davamlı azalma müşahidə olunur.
"Bunun səbəblərindən biri rayonların qazlaşdırılmasıdır, digəri isə
insanların şüurunda olan dəyişiklikdir. Görülən nizam-intizam
tədbirləri də nəticə verir", - nazir qeyd edib.