Azərbaycan, Bakı, 23 may / Trend müxbir K.Zərbalıyeva/
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bu gün peşə bayramlarını qeyd ediblər.
Trend-in məlumatına görə, nazirliyin əməkdaşları peşə bayramı münasibətilə bu gün Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidləri yad ediblər.
Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində peşə bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan nazir Hüseynqulu Bağırov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi, ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın qorunması sahəsində də çoxsahəli ardıcıl quruculuq işlərinin davam etdirildiyini bildirib və Nazirliyin fəaliyyət göstərdiyi 11 il ərzində görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat verib.
Azərbaycan Prezidentinin 22 may 2012-ci il tarixli Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında sərəncamlarına müvafıq olaraq nazirliyin bir qrup əməkdaşı "Dövlət qulluğunda fərqlənməyə görə", "Tərəqqi" medalı və "Əməkdar mühəndis" fəxri adı ilə təltif olunublar.
Həmçinin nazir ekologiya, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunub mühafızə edilməsi, bərpası və davamlı inkişafı sahələrində xüsusi xidmətlərinə görə nazirliyin 10 əməkdaşını "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri Fərmanı" ilə təltif edib.
Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin ölkə Prezidentinə müraciəti qəbul olunub.
Müraciətdə qeyd olunur ki, nazirliyin kollektivi əsası ümummilli lider Heydər Əliyev tərəfındən qoyulmuş ətraf mühitin mühafızəsi və təbii sərvətlərdən davamlı istifadə olunması siyasətini ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında daha da uğurla davam etdirərək üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, Respublika əhalisinin sağlam ətraf mühitdə yaşamasının təmin edilməsində bütün imkanlarını səfərbər edəcəkdir.
Qeyd edək ki, 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.
Ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafızəsi, geologiya, hidrometeorologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2007-ci il tarixli sərəncamına uyğun olaraq ölkəmizdə hər il 23 may tarixi Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.