...

Zaqatalada dini icmaların fəalları ilə görüş keçirilib

Cəmiyyət Materials 28 İyul 2012 18:03 (UTC +04:00)
Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Dövlət Komitəsinin Ramazan ayı ilə bağlı hazırladığı tədbirlər planına uyğun olaraq iyulun 27-də Zaqatala rayonuna səfər edib.
Zaqatalada dini icmaların fəalları ilə görüş keçirilib

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Dövlət Komitəsinin Ramazan ayı ilə bağlı hazırladığı tədbirlər planına uyğun olaraq iyulun 27-də Zaqatala rayonuna səfər edib.

Komitədən şənbə günü Trend-ə verilən məlumata görə, İskəndərov səfər çərçivəsində Zaqatala şəhəri Cümə məscidini ziyarət edib, Bakı İslam Universitetinin (BİU) Zaqatala şöbəsində pedaqoji heyətlə görüş keçirib və bu təhsil mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.

Həmin gün komitə sədri rayon aktivləri və şimal-qərb bölgəsinə daxil olan rayonların dini icmalarının fəalları ilə görüş keçirib. Təxminən iki yüz nəfərin iştirak etdiyi görüşə dini icmaların fəalları ilə yanaşı imamlar, BİU-nun Zaqatala şöbəsinin müəllim kollektivi və rayon ictimaiyyətinin nümayəndələri də qatılıblar.

Əvvəlcə mübarək Ramazan ayı münasibətilə görüş iştirakçılarını təbrik edən Elşad İskəndərov bildirib ki, Dövlət Komitəsinin hazırladığı tədbirlər planı çərçivəsində ilk görüşün zəngin dini ənənələri olan və milli-mənəvi dəyərlərimizə özünəməxsus yüksək münasibətilə seçilən şimal-qərb bölgəsində, xüsusilə Zaqatalada keçirilməsi təsadüfi deyil. Çünki bu rayonu bir çox xüsusiyyətlərinə görə bölgənin dini mərkəzi hesab etmək olar.

Bölgənin zəngin dini ənənələrindən, tarixi dini şəxsiyyətlərindən danışan Dövlət Komitəsinin sədri Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra bu ənənələrin yaşadılması üçün münbit şəraitin olduğunu bildirib. İskəndərov qeyd edib ki, görüşün keçirilməsində əsas məqsəd bölgədə dini durumu, dini icmaların mövcud imkanlarını, üzləşdikləri problemləri öyrənmək və fəaliyyətləri ilə yaxından tanış olmaqdır. Həmçinin, Dövlət Komitəsinin bölgə ilə bağlı gələcəkdə həyata keçirəcəyi maarifləndirici tədbirləri müəyyənləşdirmək və bu barədə fikir mübadiləsi aparmaq səfərin əsas məqsədlərindəndir.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi, Zaqatala, Balakən və Qax rayonlarındakı dini icmaların rəhbərləri, imamlar, dini icmaların fəalları və ziyalılar çıxış edərək, yerdəki dini durum və icmaların fəaliyyəti barədə danışıb, eləcə də milli-mənəvi dəyərlərimizin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, İslam dini ilə bağlı cəmiyyətdə düzgün maarifləndirmə işinin aparılması və bu kimi məsələlərə dair fikir və təkliflərini söyləyiblər.

Sonda İskəndərov görüşdə qaldırılan məsələlərə münasibətini bildirib və iştirakçıların suallarını cavablandırıb.

Xəbər lenti

Xəbər lenti