Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Macarıstan ali məktəblərində oxuyan azərbaycanlı tələbələrin sayının artırılmasına və ümumilikdə təhsil sahəsi üzrə əlaqələrin genişləndirilməsinə ciddi maraq göstərir. Təhsil Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü verilən məlumata görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanovla görüşündə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutora deyib.
Tələbə mübadiləsinin artırılması üçün geniş potensialın mövcudluğunu vurğulayan səfir Macarıstanın ali məktəblərində ingilis və rus dillərində tədris aparıldığını nəzərə çatdırıb.
Mərdanov isə bildirib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq, azərbaycanlı gənclər Macarıstanın bir universitetində təhsil ala bilərlər. Dövlət Proqramı üzrə müvafiq siyahıya Macarıstanın daha çox seçilmiş universitetinin əlavə olunmasının mümkünlüyünü önə çəkən təhsil naziri bu istiqamətdə iş aparılmasının zəruriliyini vurğulayıb.
Tərəflər təhsil sahəsindəki əməkdaşlığın ölkələrimiz arasındakı hərtərəfli və yüksək səviyyəli əlaqələrin inkişafına layiqli töhfə verəcəyinə əminliklərini ifadə ediblər.