...

Bakıda İDEA və UNEP-in birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Forumu keçirilir (FOTO)

Cəmiyyət Materials 12 Noyabr 2012 14:08 (UTC +04:00)
Bakıda İDEA və UNEP-in birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Forumu keçirilir.
Bakıda İDEA və UNEP-in birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Forumu keçirilir (FOTO)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir M.Əliyev/

Bakıda İDEA və UNEP-in birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Forumu keçirilir.

Trend-in məlumatına görə, yerli və beynəlxalq gənclər təşkilatlarının iştirakı ilə keçirilən forumda davamlı inkişaf məsələləri, "Rio+20" sammitinin yekunu və gənclər təşkilatları arasında daimi əməkdaşlıq haqqında müzakirələr keçirilir. Foruma həmçinin 20-dən çox beynəlxalq iştirakçı TUNZA şəbəkəsi vasitəsilə qatılır.

TUNZA proqramının nümayəndəsi Artur Dahl Trend-ə bildirib ki, dünyadakı stabilliyi qorumaq üçün yaşlı nəslin gələcək sivilizasiyanı quracaq gənclərə təcrübə və biliklərini ötürməsi olduqca vacibdir. "Gənclik planetimizin gələcəyidir. Bu səbəbdən Bakıda keçirilən Forum gənclərin ətraf mühitin mühafizəsi ilə bağlı gələcək planlarını bölüşmək, birgə əməkdaşlığını qurmaq üçün böyük şansdır", - o deyib.

Dahl qeyd edib ki, Bakıda keçirilən Beynəlxalq Gənclər Forumu gəncləri ruhlandıracaq və gələcəyə ümidləndirəcək.

Onun sözlərinə görə, gənclər ətraf mühitin qorunmasında dövlətə yardımçı ola bilərlər. "Əgər gənclər "yaşıl iqtisadiyyat", gözəl gələcək qurmağı qarşısına hədəf qoysa, dövlət də onların istəyinə uyğun öz fəaliyyətini quracaq", - TUNZA nümayəndəsi bildirib.

2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) Kampaniyası çoxsaylı yerli və beynəlxalq layihələrə imza atır. IDEA Kampaniyasının həyata keçirdiyi böyükmiqyaslı layihələr bir sıra beynəlxalq təşkilatların marağına səbəb olur. Bunun nəticəsində IDEA Kampaniyası beynəlxalq təşkilatlarla əməkdaşlıq yaradaraq birgə layihələrə start verir.

Trend-in məlumatına görə, IDEA Kampaniyasının həyata keçirdiyi beynəlxalq layihələrdən biri olan "Yaşıl həftə" 16 noyabr tarixədək davam edəcək və UNEP-lə (BMT-nin Ətraf Mühit üzrə Proqramı) əməkdaşlıq çərçivəsində baş tutur. Tədbirdə yerli qonaqlarla yanaşı, xarici ölkələrdən dəvət olunmuş bir sıra beynəlxalq təşkilatların, habelə dövlət və qeyri-dövlət təşkilatı nümayəndələri, gənc liderlər iştirakı edirlər.

Forumun yerli və xarici qonaqları məruzələrlə çıxış edirlər və fikir mübadiləsində iştirak edirlər.

Beynəlxalq Gənclər Forumu gənclərin "Rio+20" sammitinin qərarlarının icrasına töhfə verəcək bəyanatın qəbul olunması və bu bəyanatın BMT Baş Assambleyasının 67-ci sessiyasının nəzərinə çatdırılması ilə yekunlaşacaq.

Tədbirin təşkilat komitəsi tərəfindən görülən hazırlıq işləri ilə ictimaiyyəti məlumatlandırmaq üçün IDEA Kampaniyasının və "Yaşıl həftə"nin "Twitter" səhifələri (@IDEAcampaign və @GreenWeekBaku) mütəmadi olaraq məlumatlarla yenilənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti