...

Azərbaycanda əqli mülkiyyət üzrə mütəxəsisslər yenidən hazırlanacaq

Cəmiyyət Materials 16 Noyabr 2012 17:04 (UTC +04:00)
Azərbaycan Müəllif Hüquqları Agentliyi (MHA) Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi artıq fəaliyyətə başlayıb.
Azərbaycanda əqli mülkiyyət üzrə mütəxəsisslər yenidən hazırlanacaq

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Müəllif Hüquqları Agentliyi (MHA) Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi artıq fəaliyyətə başlayıb. Bu barədə Trend-ə MHA hüquq şöbəsinin müdiri Xudayət Həsənli bildirib.

O qeyd edib ki, Mərkəzin əsas məqsədi piratçılıqla mübarizə sahəsində proqnozların aparılması, monitorinqlərin, müşahidələrin keçirilməsi və nəticələrə uyğun olaraq analizlərin, eyni zamanda, müvafiq təkliflərin hazırlanmasından ibarətdir.

Həsənli həçminin bildirib ki, Mərkəz rəqəmli şəbəkədə rəqəmli hüquqların idarəçiliyini həyata keçirəcək.

"Bundan əlavə, Mərkəz əqli mülkiyyət sahəsində mütəxəssislərin yenidən hazırlanmasını təmin edəcək. Xüsusən, ali məktəblərlə əməkdaşlıq şəraitində əqli mülkiyyətlə maraqlanan tələbələr, eyni zamanda, gənc hüquqşünaslar, aspirantlar, bu sahədə elmi tədqiqat işləri aparmağa meyilli insanlar üçün əqli mülkiyyət sahəsində tədris və təlimin təşkil edilməsi planlaşdırılır", - Həsənli deyib.

O bildirib ki, Mərkəzin funkisalarından biri də, ermənilərin Azərbaycana məxsus olan musiqi əsərlərinin, müəllif əsərlərinin, folklor nümunələrinin, mətbəx nümunələrinin, ənənəvi mədəni nümunələrin öz adlarına çıxarması ilə mübarizə aparmaqdır.

"Bu məsələ ayrı-qyrı qurumlar tərəfindən öyrənilir, işlənilir, tədqiqat aparılır. Ancaq müəllif-hüquq baxımından bu məsələnin sistemli, elmi şəkildə və ardıcıl olaraq araşdırılması, təhlil olunması və nəticələrin ictimaiyyətə çatdırılması Mərkəzin xüsusi funksiyalarından biri olacaq", - Həsənli deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti