Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda məhkumların problemləri onların öz baxışları ilə ictimaiyyətə təqdim olunacaq.
Trend-in məlumatına görə, Azərbaycan Hüquqşünasları Konfederasiyası, Penitensiar Xidmətin dəstəyi və müstəqil jurnalist Mübariz Əsgərov ilə birgə cəzaçəkmə müəssisələrində məhkumların birbaşa iştirakı ilə "Məhkum TV-Rezonans" verilişi hazırlanıb.
Bu gün həmin layihə çərçivəsində çəkilmiş ilk verilişin təqdimatı keçirilib.
Penitensiar Xidmətin rəisi Mədət Quliyev çıxışında penitensiar sahədə həyata keçirilən islahatlardan bəhs edib. Layihə ilə bağlı danışan Xidmət rəisi bildirib ki, layihənin özəlliyi ondan ibarətdir ki, hazırlanan teleproqram ilk dəfə olaraq məhkumların özləri tərəfindən həyata keçirilib. Proqramı hazırlayan yaradıcı qrup peşəkar telemütəxəssislər tərəfindən təlimatlandırılmış məhkumlardan formalaşıb. Layihə çərçivəsində ayrı-ayrı cəzaçəkmə müəssisələrində məhkumlardan ibarət müxbir məntəqələri təşkil olunub. Hər bir məntəqə hazırladığı materialları 10 saylı cəzaçəkmə müəssisəsində yaradılmış studiya və montaj otağı ilə təchiz olunmuş qərargaha təqdim edib.
Uzun müddət üçün nəzərdə tutulmuş layihə çərçivəsində studiyaya hüquqşünaslar, psixoloqlar, məşğulluq mərkəzlərinin əməkdaşları dəvət olunacaq, onlar məhkumları maraqlandıran sualları cavablandıracaqlar.
Layihənin əsas məqsədlərindən biri də Azərbaycanda penitensiar sahənin inkişafında maraqlı olan beynəlxalq təşkilatlara həbsxanalarda insan hüquqlarının qorunduğunu nümayiş etdirməkdir.
Layihə çərçivəsində çəkilmiş ilk verilişdə məhkumlar Avropada penitensiar sahədə tanınmış məşhur ekspertlərdən müsahibə götürüblər.