...

Azərbaycanda "dünyanın sonu" adlandırılan dekabrın 21-i üçün hava proqnozu açıqlandı

Cəmiyyət Materials 18 Dekabr 2012 12:47 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə son 3 günün hava proqnozu barədə məlumatları açıqlayıb.
Azərbaycanda "dünyanın sonu" adlandırılan dekabrın 21-i üçün hava proqnozu açıqlandı

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dekabrın 21-nə hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə son 3 günün hava proqnozu barədə məlumatları açıqlayıb.

Məlumata görə, dekabrın 19-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə isti, gündüz 4-8 dərəcə isti olacaq.

Dekabrın 20-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, buludlu hava şəraitinin gün ərzində üstünlük təşkil edəcəyi, axşam az yağıntılı olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında 3-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacaq.

Dekabrın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən, səhər və axşam bəzi yerlərdə çiskinli az yağış yağacağı ehtimalı var. Axşam saatlarında ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu axşam 3-5 dərəcə, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Dekabrın 19-da Azərbaycanın rayonlarında, əsasən, şərq rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda 10-15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz saatlarında isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Dekabrın 20 və 21-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda 10-15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz saatlarında isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti