Azərbaycan, Bakı, 7 yanvar / Trend müxbir M.Əliyev/
Azərbaycan hökuməti əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması qaydalarını təsdiqləyib.
Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, əqli mülkiyyət hüquqlarının qorunması və malların reyestrə daxil edilməsi barədə ərizədə hüquq sahibi haqqında məlumat, əqli mülkiyyət hüquqlarının obyektinə hüququn olması barədə məlumat, malların təsviri, malların pirat və ya kontrafakt olmasını aşkar etməyə imkan verən məlumatlar, malların pirat və ya kontrafakt olmadığı müəyyən edildiyi halda, buraxılışın dayandırılması nəticəsində bəyannaməçiyə, mal sahibinə, yaxud digər maraqlı şəxslərə vurulan zərərin, habelə gömrük orqanlarının xərclərinin ödənilməsinə dair ərizəçinin öhdəliyi göstəriləcək.
Qaydalarda qeyd olunur ki, Gömrük Komitəsi ərizəyə onun daxil olduğu gündən bir ay müddətində baxır və malların reyestrə daxil edilməsi, yaxud bundan imtina edilməsi barədə qərar qəbul edir.
Ərizədə və ya ona əlavə olunmuş sənədlərdəki məlumatlarda dəyişiklik edildikdə, ərizəçi dərhal bu barədə Komitəyə məlumat verməlidir.
Reyestrə malların qeydiyyat nömrəsi, malların adı (təsviri), hüquq sahibi haqqında məlumatlar, əqli mülkiyyət hüquqlarının obyektinə hüququn olması barədə məlumat, malların reyestrə daxil edildiyi tarix, malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu, reyestrə daxil edilmiş mallar barədə Komitə tərəfindən gömrük orqanlarına göndərilmiş məktubun tarixi və qeydiyyat nömrəsi əks olunur.
Hüquq sahibinin hüquqlarının qorunma müddəti Gömrük Komitəsi tərəfindən malların reyestrə daxil edilməsi haqqında qərar qəbul olunduğu gündən etibarən ərizəçinin göstərdiyi müddət nəzərə alınmaqla, 5 ilədək müəyyən olunur. Ərizəçinin müraciəti olduqda, Komitənin qərarı ilə həmin müddət uzadılır.