...

Fatma Abdullazadə: Azərbaycanda mədəni irslə bağlı çox zəngin internet resursları yaradılmalıdır

Cəmiyyət Materials 22 Fevral 2013 11:43 (UTC +04:00)
"Bizim bir cox mədəni irsimiz var ki, onlardan, demək olar, imtina etmişik, öyrənməmişik, onlar itib gedib. Məsələn, Bakı və Gəncə şəhərlərinin folkloru. XX əsrdə qədim nağıllar, rəvayətlər yazılıb, ancaq böyük folklor itib, bunu heç kim qələmə almayıb".
Fatma Abdullazadə: Azərbaycanda mədəni irslə bağlı çox zəngin internet resursları yaradılmalıdır

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İsabalayeva/

"Bizim bir cox mədəni irsimiz var ki, onlardan, demək olar, imtina etmişik, öyrənməmişik, onlar itib gedib. Məsələn, Bakı və Gəncə şəhərlərinin folkloru. XX əsrdə qədim nağıllar, rəvayətlər yazılıb, ancaq böyük folklor itib, bunu heç kim qələmə almayıb". Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə "Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf istiqmətlərindən biri kimi" mövzusunda cümə günü keçirilən konfransda deyib.

PA-nın şöbə müdirinin sözlərinə görə, tariximizlə bağlı dünya muzeylərində bir çox faktlar var, ancaq onların mövcudluğundan belə xəbərimiz yoxdur. Bununla yanaşı, tariximiz, mədəniyyətimizlə bağlı bir çox əlyazmalarımızın harada olduğunu bilmirik.

Abdullazadənin bildirdiyinə görə, bizim arxeologiyamızda, tariximizdə, filologiyamızda, memarlığımızda o qədər ciddi elmi problemlər var ki, onları araşdırmadan "Azərbaycan 2020: Gələcəyə baxış" konsepsiyasının elmi tutumunu artırmaq mümkün olmayacaq.

Prezident Administrasiyasının rəsmisi bildirib ki, mədəni irslə bağlı çox zəngin internet resursları yaradılmalıdır. Yeni texnologiyalardan istifadə edərək virtual muzeylər yaradıla bilər.

"Elə muzeylər yarada bilərik ki, ona nə bina, nə də qədimdən qalan faktlar lazım olar. O virtual muzeylərdə çox şeyləri təbliğ etmək olar. Virtual muzeylər olmadan gənclərə, xarici ölkələrə mədəni irsimizin zənginliyini çatdıra bilmərik. Bu iş çox böyük ustalıqla qurulmalıdır. Burada yaradıcı amil olmasa, formal yanaşmadan çox uzaq olaraq fikirləşməliyik ki, biz bunu informasiya cəmiyyətinin diqtə etdiyi qanunlarla nə dərəcədə yaratmağa qadir olacağıq", - Abdullazadə deyib.

PA rəsmisi bildirib ki, biz yeni bir səviyyəyə keçərkən köhnədən çox asanlqla imtina edirik. Bu da pis xüsusiyyətdir.

"Bəlkə də bu, sivilizasiyaların və mədəniyyətin qovşağında yerləşən bir ölkənin xüsusiyyətidir? Biz həmişə bundan fərəhlə danışırıq ki, mədəniyyətlərin və sivilizasiyaların qovşağında yaşayırıq. Heç kəs fikirləşmir ki, belə bir çətin strateji məkanda yaşayan insan hansı təzyiqlərə və təqiblərə məruz qalır", - Abdullazadə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti