...

Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layhəsi çərçivəsində Vaqif Mustafazadəyə həsr olunmuş musiqi albomu nəşr edilib (FOTO)

Cəmiyyət Materials 16 Mart 2013 11:09 (UTC +04:00)
Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində virtuoz ifaçı, görkəmli musiqiçi Vaqif Mustafazadənin həyat və yaradıcılığına həsr olunmuş musiqi albomu nəşr edilmişdir.
Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layhəsi çərçivəsində Vaqif Mustafazadəyə həsr olunmuş musiqi albomu nəşr edilib (FOTO)

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İ.İzzət/

Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində virtuoz ifaçı, görkəmli musiqiçi Vaqif Mustafazadənin həyat və yaradıcılığına həsr olunmuş musiqi albomu nəşr edilmişdir.

Heydər Əliyev Fondundan Trend-ə verilən məlumata görə, alboma Rauf Fərhadovun müəllifliyi ilə Azərbaycan mədəniyyətində silinməz iz qoyan dahi pianoçunun parlaq yaradıcılığından bəhs edən kitab və audio disk daxildir.

Vaqif Mustafazadə muğam cazın ilk cığırını açmış, iki fərqli musiqi mədəniyyətləri arasında ümumi cəhətləri taparaq onları qoşalaşdırmaq istəyini uğurla gerçəkləşdirə bilmişdir. O, caz və muğamı özünəməxsus şəkildə sintez edərək yeni və ecazkar bir musiqi janrı yarada bilmişdir.

İmpravizə ustadının yaradıcılığına həsr olunmuş kitabda ötən əsrin 20-ci illərindən başlayaraq Avropa və sovet incəsənət aləmində tanınan cazın janr kimi inkişaf tarixçəsi təqdim olunur.

20-ci illərdə Qafqazın Parisi sayılan Bakı açıq şəhər hesab olunduğundan caz çoxsaylı millətlərin musiqisini özündə birləşdirən janr kimi burada münbit zəmin tapmışdı. Cazın qaynaqları, inkişaf tarixi barədə geniş informasiyalı kitabda 1939-cu ildə Tofiq Quliyevin yaratdığı Azərbaycan Dövlət Caz Orkestri və mahir ifaçılar barədə də maraqlı məqamlar var.

60-cı illərdə Bakı mühiti cazın "qızıl əsr"i kimi qiymətləndirilirdi. Belə bir mühitdə yetişən Vaqif Mustafazadənin caz və muğamın sintezində etdiyi eksperimentlər böyük tamaşaçı sevgisi qazanmışdı. Onun qısa, lakin musiqi dolu həyatının önəmli mərhələlərindən bəhs edən kitabda maraqlı foto şəkillərlə yanaşı, yaxın çevrəsindən, sənət dostlarından və doğmalarından da ətraflı bəhs edilir. Albomda təqdim olunan audio diskdə isə maestronun bütün ifaları cəm olmuşdur.

Mədəni irsimizin qorunması və təbliği istiqamətində gerçəkləşən layihəni XX əsr musiqi mədəniyyətimizin daha bir tarixi mərhələsi haqqında dəyərli tədqiqat kimi qiymətləndirmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti