...

Azərbaycanda yay turizm mövsümündən istifadə edənlərin nəzərinə

Cəmiyyət Materials 1 Aprel 2013 12:53 (UTC +04:00)
Azərbaycanda turizm şirkətlərinin yay mövsümü üçün təklif etdiyi xidmət paketlərinin qiymətinin süni şəkildə artırılmasına yol verilməyəcək və bunun qarşısı vaxtında alınacaq.
Azərbaycanda yay turizm mövsümündən istifadə edənlərin nəzərinə

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda turizm şirkətlərinin yay mövsümü üçün təklif etdiyi xidmət paketlərinin qiymətinin süni şəkildə artırılmasına yol verilməyəcək və bunun qarşısı vaxtında alınacaq. Bunu bazar ertəsi Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri (AzTA) Nahid Bağırov bildirib.

Onun sözlərinə görə, hələlik turizm şirkətlərinin yay mövsümü üçün qiymətləri süni şəkildə artırdığı müşahidə edilməyib. Adətən, turizm şirkətləri öz paketlərinin qiymətlərini mehmanxanalar qiymətləri artırdıqda ona uyğun yüksəldirlər.

Bağırov qeyd edib ki, hazırda informasiya texnologiyalarının imkanları geniş olduğu üçün əhali özü internetlə şirkətlərin xidmətlərinin qiymətləri ilə tanış ola və onları müqayisə edə bilir. Buna görə də hansısa bir turizm şirkəti təklif etdiyi paketin qiymətini süni şəkildə artırdıqda bu, onun müştərisiz qalması ilə nəticələnəcək.

Azərbaycanda həm hotellərdə, həm də yerli turizm şirkətlərinin göstərdiyi xidmətlərin səviyyəsinin ilbəil artdığını deyən Bağırov bildirib ki, yay mövsümündə xaricdə istirahət edən Azərbaycan vətəndaşları üçün əsas prioritet istiqamət Türkiyə, xüsusilə Antalya şəhəri olur.

O, artıq yay mövsümü üçün turizm şirkətlərinin endirim kampaniyalarının başlanıldığını da söyləyib.

Bağırov əlavə edib ki, xaricdə dincəlmək istəyənlər yay ayları üçün indidən Türkiyədəki mehmanxanalarda yer bron etsələr, 15-20 faiz endirimlə istirahət edə biləcəklər. Əgər yerlər indidən bron edilsə, yay aylarında Türkiyədə "beş" ulduzlu hoteldə bir nəfər 560 manata (otaqda iki nəfər qaldıqda) 1 həftə dincələ bilər.

Bunu normal qiymət sayan AzTA sədri qeyd edib ki, yay mövsümündə həm ölkə, həm də ölkə xaricində dincəlmək istəyənlər üçün şirkətlərin təklfi etdiyi paketlərin qiymətləri ötən ilki kimi olacaq. Qiymətlərdə demək olar ki, yüksəlmə müşahidə edilməyib.

"Türkiyədəki bəzi hotellər qiymətlərini artırıb, bəziləri isə endirib. Ancaq deyərdim ki, qiymətlər elə keçən ildəki kimidir"- Bağırov əlavə edib.

O qeyd edib ki, bu il Bakıdan xarici ölkələrə, xüsusilə Türkiyəyə gedən aviareyslərin sayı ötən ilə nisbətın cox olacaq. Bu yayda Türkiyənin bəzi şəhərlərində gün ərzində iki aviareys yerinə yetiriləcək.

"Aviareyslərin sayı cox olduğundan bu il Türkiyənin bəzi şəhərləri üçün aviabiletlərin qiymətləri ötən ilə nisbətən daha ucuz olacaq. Biz qiymətləri analiz etdik və qənaətə gəldik ki, qiymətlər normaldır"- Bağırov əlavə edib.

O qeyd edib ki, indiyədək Azərbaycan daxilində dincəlmək istəyənlər daha cox "beş" və "dörd" ulduzlu hotellər olduğu üçün Qəbələyə və Lənkərana gedirdilər. Ancaq bu il yerli turistlər Qusar bölgəsindəki Şahdağ Qış Yay Olimpiya Kompleksində də istirahət edə biləcəklər.

Bağırovun sözlərinə görə, hotellərin sayı çox olduqca rəqabət daha da artacaq və bu da, öz növbəsində qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti