...

Azərbaycanda nəzarət markalarını saxtalaşdıranlara qarşı cəzalar sərtləşdirilir

Cəmiyyət Materials 2 Aprel 2013 13:21 (UTC +04:00)
Azərbaycanda nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışına görə cəzalar sərtləşdirilir.
Azərbaycanda nəzarət markalarını saxtalaşdıranlara qarşı cəzalar sərtləşdirilir

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışına görə cəzalar sərtləşdirilir. Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsinin çərşənbə axşamı keçirdiyi iclasda Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər müzakirə olunub.

Dəyişiklər layihəsi qanuvericilik təşəbbüsü ilə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilib.

Cinayət Məcəlləsinə əlavə olunan maddəyə əsasən, nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulubsa, 3000 manat miqdarında cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlərlə cəza nəzərdə tutulur. Eyni əməllər təkrar yaxud qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə 7000 manat miqdarında cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən isə nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışına görə istifadə edilən və satılan nəzarət markaları, habelə onların hazırlanması və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə fiziki şəxslər 1000 manat, vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər 3000 manat miqdarında cərimə ediləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti