...

Dövlətə xəyanətdə ittiham olunan hərbi qulluqçuların apelyasiya şikayətləri təmin edilməyib

Cəmiyyət Materials 29 Aprel 2013 13:28 (UTC +04:00)
Bu gün Şirvan Apelyasiya Məhkəməsində erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan Azərbaycan ordusunun hərbi qulluqçuları Orxan Əliyev və Elçin Əfəndiyevin apelyasiya şikayətləri üzrə məhkəmə başa çatıb.
Dövlətə xəyanətdə ittiham olunan hərbi qulluqçuların apelyasiya şikayətləri təmin edilməyib

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir A.Məmmədov/

Bu gün Şirvan Apelyasiya Məhkəməsində Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan Azərbaycan ordusunun hərbi qulluqçuları Orxan Əliyev və Elçin Əfəndiyevin apelyasiya şikayətləri üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Əhməd Novruzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayətləri təmin edilməyib.

Füzuli Hərbi Məhkəməsinin hökmü ilə Orxan Əliyev 12 il və Elçin Əfəndiyev 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 180.2.4-cü (soyğunçuluq), 331.3-cü (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə), 338.1-ci (Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma maddələri ilə ittiham ediliblər.

Hər iki təqsirləndirilən şəxs "N" saylı hərbi hissədə xidmət etdikləri zaman düşmənlə təmasa girərək, Azərbaycanın dövlət təhlükəsizliyinə xələl gətirən hərəkətlər ediblər.

Onlar xidmət etdikləri hərbi hissədə əsgər yoldaşlarının əmlaklarını talamaq cinayətləri də törədərək əsgərlərin pullarını və digər əşyalarını götürməklə soyğunçuluq ediblər. Bundan əlavə, təqsirləndirilənlərin hərbçi yoldaşlarını döyüb, söyməklə onlara işgəncə vermələri də ittiham aktında yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti