Azərbaycan, Bakı, 20 may /Trend, müxbir T.Cəfərov/
İranlı iş adamı Laçın rayonunun xatirəsini əbədiləşdirmək məqsədilə Qeşm adasında tikdiyi hotelin adını "Laçın" qoyub. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata əsasən, Səməd Nəvidi adlı iranlı iş adamı 18 may 1992-ci ildə işğal olunmuş Laçın rayonunun xatirəsini əbədiləşdirmək və Azərbaycan xalqına dəstək məqsədilə hoteli "Laçın" adlandırdığını və iranlıların Laçın rayonunun işğaldan azad olunacağı günü səbirsizliklə gözlədiyini deyib.
Qeyd edək ki, 1992-ci il mayın 18-də erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb. 1930-cu ildən inzibati ərazi vahidi statusu alan Laçın rayonunun 1835 kvadrat kilometr ərazisi, 121 kəndi var.
Laçının işğalı zamanı 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal altında 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi qalıb.