...

GOPAC Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir

Cəmiyyət Materials 22 May 2013 09:55 (UTC +04:00)
Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Parlamentarilərin Korrupsiyaya qarşı Qlobal Təşkilatının (GOPAC) sədri Edqardo Anqaranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
GOPAC Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Parlamentarilərin Korrupsiyaya qarşı Qlobal Təşkilatının (GOPAC) sədri Edqardo Anqaranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ədliyyə Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə korrupsiyaya qarşı sərt mübarizə aparıldığını, bu sahədə qanunvericilik və institusional tədbirləri, o cümlədən Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Baş Prokuror yanında eyniadlı idarənin səmərəli fəaliyyətini qeyd edib, cəmiyyətdə dözümsüzlük mühitinin formalaşdırılması, hüquq-mühafizə orqanlarında qaynar xətlərin yaradılması və digər tədbirlər barədə məlumat verib.

Fikrət Məmmədov korrupsiya ilə mübarizədə mühüm rolu olan hakimlərin Avropada ən şəffaf qaydada seçildiyini qeyd edərək, Azərbaycanın bu müsbət təcrübəsinin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirildiyini və digər dövlətlərə tövsiyə edildiyini bildirib.

Nazir qonaqlara Azərbaycanın da həmtəsisçilərindən biri olduğu və dünyanın 140 ölkəsini birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) fəaliyyəti barədə məlumat verib. Ədliyyə naziri vitse-prezidenti olduğu bu Assosiasiya ilə GOPAC arasında əlaqələrin təşviq olunmasının əhəmiyyətini qeyd edib, onları IAACA-nın tədbirlərinə qatılmağa dəvət edib.

Azərbaycanın dinamik tərəqqisindən məmnunluğunu ifadə edən GOPAC nümayəndə heyətinin üzvləri isə Azərbaycanda həyata keçirilən antikorrupsiya tədbirlərini yüksək təəssürat doğurduğunu vurğulayıb və bu sahədə əldə olunmuş nailiyyətləri təqdir ediblər. Edqardo Anqara təmsil etdiyi qurumun məqsəd və fəaliyyətindən danışaraq korrupsiya ilə mübarizədə qarşılıqlı fəaliyyətin genişləndirilməsinin əhəmiyyətini söyləyib.

Görüşdə əməkdaşlığa dair faydalı fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallara aydınlıq gətirilib. Sonda qonaqlar nazirlikdə Ədliyyə Tarixi Muzeyi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti