Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İzzət/
Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu Qurban Məmmədovun həbsi ilə bağlı birgə məlumat yayıb.
Trend-ə daxil olan birgə məlumatda qeyd olunub ki, 27 sentyabr 2012-ci il tarixdə Bakı şəhər sakini Qurban Məmmədov idarə etdiyi "Toyota RAV-4" markalı avtomaşınla Nəsimi rayonu, Vaqif prospekti 9a saylı ünvanda yerləşən avtodayanacaqda gözətçi işləyən Pərviz Abbasovu vuraraq xəsarət yetirməsi faktı ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilməklə şahidlər dindirilib, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibb ekspertizası təyin edilərək rəylər alınıb və digər prosessual hərəkətlər aparılıb.
Kifayət qədər əsaslar olduğundan Q.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
İstintaqın gedişində zərərçəkmiş P.Abbasov müraciət edərək Q. Məmmədovun ona hədə-qorxu gələrək istintaqa verdiyi ifadələri dəyişməsini tələb etmiş, əks təqdirdə onu və ailə üzvlərini öldürəcəyi ilə təhdid etməsini bildirmişdir.
Q.Məmmədov istintaq dövründə ziddiyətli ifadələr verməklə hadisənin mexanizmini dəyişməyə dəfələrlə cəhd etdiyindən, zərərçəkmiş P.Abbasova qanunsuz təsir göstərdiyindən və istintaq orqanının çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyindən barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Qurban Məmmədovun həbsi ilə bağlı məsələyə rəsmi aydınlıq gətirildi
Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu Qurban Məmmədovun həbsi ilə bağlı birgə məlumat yayıb.
