...

Türkiyənin Baş prokuroru Azərbaycanda səfərdərir

Cəmiyyət Materials 12 İyun 2013 17:39 (UTC +04:00)
Türkiyənin Baş prokuroru Həsən Ərbilin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Türkiyənin Baş prokuroru Azərbaycanda səfərdərir

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/

Türkiyənin Baş prokuroru Həsən Ərbilin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan və Türkiyə prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Türkiyənin Baş prokuroru Həsən Ərbilin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Baş prokuroru Zakir Qaralovun dəvəti ilə iyunun 11-də ölkəmizə səfərə gəlib.

İyunun 12-də Türkiyə Prokurorluğunun nümayəndə heyəti Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülüb. Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzüb, "Əbədi Məşəl" və türk əsgərlərinin xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyublar.

Daha sonra nümayəndə heyəti ilə Azərbaycan Baş Prokurorluğunda görüş keçirilib. Qonaqları səmimi salamlayan Baş prokuror tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini bildirərək bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "bir millət, iki dövlət", Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir" kəlamları ilə dəqiq ifadə edildiyi, hər iki ölkə prezidentlərinin siyasi iradələri ilə reallaşan nəhəng enerji və nəqliyyat layihələrinin ölkələrimizi daha da yaxınlaşdıracağı, xalqlarımızın rifahına xidmət göstərəcəyi xüsusi olaraq vurğulanıb.

Baş prokuror son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.

Səmimi qəbul üçün minnətdarlığını ifadə edən Hesen Erbil rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb. O, ölkələrimiz arasında mövcud olan iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə dəstək verməsini xüsusi qeyd edib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, Azərbaycan-Türkiyə münasibətlərini özündə əks etdirən ekspozisiyalar, eyni zamanda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş guşə və eksponatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi hazırlanmış guşə onlarda xüsusi təəssürat oyadıb.

Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti