Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İzzət/
İsveçrə Konfederasiyasının Türkiyə Respublikasındakı hərbi attaşesi polkovnik-leytenant Mişel Rosser Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) olub.
ANAMA-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər zamanı o, ANAMA-nın Füzuli, Göygöl bazaları ilə, eləcə də Tərtər rayonunda aparılan əməliyyatlarla tanış olub və ona Təlim, Tədqiqat və Keyfiyyətə Təminat (TTKT) qurumunun rəhbəri tərəfindən agentliyin fəaliyyəti ilə bağlı təqdimat edilib.
Səfərin məqsədi ANAMA-nın fəaliyyəti ilə yaxından tanış olmaq, habelə İsveçrə tərəfindən hədiyyə edilmiş mina və partlamamış hərbi sursatın (PHS) zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş SM-EOD sisteminin monitorinqini aparmaqdır.
Polkovnik-leytenant Rosser ANAMA-nın baş ofisində agentliyin direktoru Nazim İsmayılovla ikitərəfli görüş keçirib. Görüş zamanı minatəmizləmə fəaliyyəti sahəsində yeniliklər, həyata keçiriləcək gələcək planlar və əlavə SM-EOD sistemlərinin alınması barədə müzakirələr aparılıb.