Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İ.İzzət/
Bu gün Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində 3-cü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modelinin rəsmi açılış mərasimi keçirilib. Sabah 50 ölkənin gəncləri ilin dövlət başçısını seçəcəklər.
Təşkilatdan Trend-ə verilən məlumata görə, İƏT-ə bağlı beynəlxalq qurumlar olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) və Malayziya Beynəlxalq İslam Universitetinin (MBİS) təşkilatçılığı ilə təşkil edilən tədbirin proqramı 2-6 iyul tarixlərini əhatə edir.
Rəsmi açılış mərasimində Malayziyanın Pahanq əyalətinin sultanı və MBİS-in konstitusional rəhbəri Sultan Hacı Əhməd Əl-Mustainbillah, Türkiyənin ailə və sosial siyasət nazirinin müavini xanım Askın Asan, DƏ-İKGF Beynəlxalq Katibliyinin kabinet rəhbəri Elməddin Mehdiyev və MBİS-in rektoru xanım Zaleha Kamaruddin çıxış ediblər. Açılış çıxışında İƏT coğrafiyasında yaşayan gənclərin problemlərinə və bu sahədə DƏ-İKGF-nin gördüyü işlərə toxunan E.Mehdiyev İƏT-in baş katibi Ekmələddin İhsanoğlunun təbrik mesajını auditoriyaya çatdırıb.
Qeyd edək ki, DƏ-İKGF-nin təşəbbüsü ilə beynəlxalq səviyyədə keçirilən layihənin birincisi 2011-ci ildə İstanbulda baş tutub. 2-ci İƏT Modeli isə 2012-ci ildə Tatarıstanın paytaxtı Kazan şəhərində təşkil edilib.
Malayziyada keçirilən layihənin 3-cü mərhələsində İƏT üzvü olan 40-dan artıq dövlətdən və ümumilikdə 50 universitetdən 120 beynəlxalq tələbə, həmçinin 50 yerli tələbə iştirak edir. 5 günlük tədbir proqramı çərçivəsində gənclərin simulyasiya oyunlarında iştirakı baxımından müxtəlif sahələrdə bacarıqlarının artırılması üçün məşğələlər keçirilib, həmçinin İƏT bölgəsində mövcud siyasi, iqtisadi və sosial problemlər haqqında nəzəri-akademik panellərin təşkili nəzərdə tutulur.
İyulun 6-da öz işini başa vuracaq tədbirin bağlanış mərasimində qalib komandalar elan ediləcək. Sammit zamanı, həmçinin tədbir iştirakçıları arasında sorğu İƏT coğrafiyasında ilin dövlət başçısı, ilin xarici işlər naziri, ilin gənclərin dostu və s. nominasiyalar üzrə keçiriləcək. Sorğunun nəticələrinin 6 iyulda keçiriləcək rəsmi bağlanış mərasimində elan edilməsi planlaşdırılır. Tədbirdə ölkəmizi DƏ-İKGF Avrasiya Regional Mərkəzinin təşkil etdiyi milli İƏT Modeli simulyasiya oyunlarının qalibləri olan Bakı Dövlət Universitetinin, Azərbaycan Diplomatik Akademiyasının və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri təmsil edirlər.
Qeyd edək ki, İƏT üzv dövlətlərinin universitetlərində İƏT Modeli klubları quraraq, pilot ölkələrdə (məs., Azərbaycan və Türkiyə) xarici siyasət akademiyaları təşkil edərək, həmçinin ildə bir dəfə beynəlxalq səviyyədə İƏT Modeli Sammiti keçirərək, DƏ-İKGF-nin reallaşdırdığı proqramın məqsədi gənclərin siyasi biliyinin və diplomatik bacarıqlarının artırılması ilə yanaşı, İƏT-in dünyanın ən böyük ikinci hökumətlərarası təşkilatı kimi tərənnümünə xidmət etməkdir.