...

Azərbaycanın Türkiyədəki səfiri Konya və Kayseri vilayətlərində işgüzar səfərdə olub (FOTO)

Cəmiyyət Materials 7 İyul 2013 06:08 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfirliyi Türkiyə-Azərbaycan Biznes Şurası ilə birgə cari ilin 4-5 iyul tarixlərində Türkiyənin Konya və Kayseri vilayətlərində "Azərbaycanda biznes və investisiya imkanları" mövzusunda toplantılar təşkil edib. Bu çərçivədə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov sözügedən vilayətlərdə işgüzar səfərdə olub.
Azərbaycanın Türkiyədəki səfiri Konya və Kayseri vilayətlərində işgüzar səfərdə olub (FOTO)

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Azərbaycanın Türkiyədəki səfirliyi Türkiyə-Azərbaycan Biznes Şurası ilə birgə cari ilin 4-5 iyul tarixlərində Türkiyənin Konya və Kayseri vilayətlərində "Azərbaycanda biznes və investisiya imkanları" mövzusunda toplantılar təşkil edib. Bu çərçivədə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov sözügedən vilayətlərdə işgüzar səfərdə olub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfərin birinci günündə Konyada olan səfir Konya Valisi Aydın Nezih Doğan, Konya Bələdiyyə başçısı Tahir Akyürek, Konya Sənaye Palatasının sədri Memiş Kütükçü və Konya Ticarət Palatasının sədri Selçuk Öztürk ilə görüşlər keçirib.

Görüşlər zamanı iki ölkə əlaqələrinin xüsusiliyi vurğulanıb və bütün sahələrdə uğurla davam edən əməkdaşlığın ölkələrimizin regionları arasında daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, atılması zəruri olan addımlarla bağlı müzakirələr aparılıb.

Səfir daha sonra Konya Ticarət Palatasında çox sayda Türkiyəli iş adamlarının qatıldığı geniştərkibli toplantıda iştirak edərək ölkəmiz haqqında iştirakçılara geniş məlumat verib, Azərbaycanın sosial-iqtisadi inkişafı barədə əsaslı bir şəkildə çıxış edib və konyalı iş adamlarını regionun ən sürətlə inkişaf edən ölkəsi olan Azərbaycana investisiya qoymağa dəvət edib.

Səfir Konya səfərinin sonunda vilayətdə yerləşən "Özdöken" kənd təsərrüfatı avadanlıqları istehsalı zavodunu ziyarət edib, daha sonra isə Konyanın Meram rayonunda yerləşən "Şəki Parkı"nı ziyarət edib.

Qeyd edək ki, "Şəki Parkı" cari ilin may ayında Şəki şəhəri və Meram şəhərinin qardaşlaşması münasibətilə salınıb.

Səfərin ikinci günündə Kayseridə olan səfir, Kayseri valisi Orhan Düzgün, Kayseri Bələdiyyə başçısı Mehmet Özhaseki, Kayseri Ticarət Palatasının sədri Mahmut Hiçyılmaz, Kayseri Sənaye Palatasının Məclis sədri Nureddin Okan ilə faydalı görüşlər keçirib.

Səmimi şəraitdə keçən görüşlər zamanı iki ölkə əlaqələrinin yüksək səviyyəsindən və bölgələrimiz arasında əlaqələrin inkişafının əhəmiyyəti haqda müzakirələr aparılıb, ölkəmizin sosial-iqtisadi potensialı barəsində ətraflı məlumat verilib.

Daha sonra səfir Kayseri Sənaye Palatasında çox sayda iş adamlarının iştirak etdiyi toplantıya qatılıb, Azərbaycanın sürətli iqtisadi inkişafı və ölkəmizdə mövcud olan sərfəli investisiya mühitindən geniş və əsaslı şəkildə bəhs edib.

Kayseri səfərinin sonunda səfir vilayətdə yerləşən "Milkay" tekstil zavodu və "İstikbal" mebel zavodu ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti