...

İlk dəfə əcnəbi vətəndaşa "ASAN imza" elektron sertifikatı və SİM kart təqdim olundu

Cəmiyyət Materials 8 İyul 2013 16:07 (UTC +04:00)
Trend xəbər verir ki, bu gündən etibarən Azərbaycanda yaşayan bütün xarici ölkə vətəndaşları "elektron hökumət"in bərabərhüquqlu iştirakçısına çevrilərək həm Azərbaycanda, həm də ölkə hüdudlarında olmalarından asılı olmayaraq, müxtəlif e-xidmətlərdən, o cümlədən kommersiya fəaliyyəti ilə bağlı e-xidmətlərdən istifadə edə bilərlər.
İlk dəfə əcnəbi vətəndaşa "ASAN imza" elektron sertifikatı və SİM kart təqdim olundu

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İ.İzzət/

Əcnəbi vətəndaşlar da mobil rəqəmsal "ASAN imza"nı əldə bilərlər. Trend xəbər verir ki, bu gündən etibarən Azərbaycanda yaşayan bütün xarici ölkə vətəndaşları "elektron hökumət"in bərabərhüquqlu iştirakçısına çevrilərək həm Azərbaycanda, həm də ölkə hüdudlarında olmalarından asılı olmayaraq, müxtəlif e-xidmətlərdən, o cümlədən kommersiya fəaliyyəti ilə bağlı e-xidmətlərdən istifadə edə bilərlər.

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı "ASAN xidmət" mərkəzində ilk dəfə olaraq ölkəmizdə daimi yaşamaq hüququ olan əcnəbi vətəndaşa "ASAN imza" elektron sertifikatı və SİM kart təqdim olunub. Beləliklə, bu, respublikamızda daimi yaşamaq hüququ olan digər dövlətin vətəndaşına verilən ilk elektron imzadır.

Agentliyin Beynəlxalq və ictimiayyətlə əlaqələr şöbəsinin müdiri Azad Cəfərov bildirib ki, Azərbaycanda yaşayan xarici ölkə vətəndaşlarının daim artan sayı nəzərə alınsa, bu hadisə çox böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, təkcə 2013-cü ilin iyun ayında yaşayış yeri üzrə qeydiyyat üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 52 341 əcnəbi vətəndaş müraciət edib.

Tədbirdə iştirak edən Vergilər Nazirliyinin Hüquq idarəsinin rəisi Samirə Musayeva bildirib ki, vətəndaşlar "ASAN imza"nı çox asanlıqla və rahat şəraitdə "ASAN xidmət" mərkəzlərində, eləcə də Vergilər Nazirliyinin bütün xidmət mərkəzlərində əldə edə bilərlər:

"Bir ünvana müraciət edən vətəndaş həm mobil operatordan SİM kart əldə edəcək, digər tərəfdən həmin SİM kartda öz imzasını aktivləşdirə bilər. Həmçinin, bütün xidmətlərdən müasir dövrün standartlarına uyğun olaraq çox asan və təhlükəsiz şəraitdə istifadə edə biləcək. Bu isə o deməkdir ki, artıq Azərbaycanda "ASAN imza"nı əldə edən hər bir şəxs yüksək təhlükəsizlik standartlarına cavab verən həmin imzadan qarşılıqlı olaraq tanındığı digər dövlətlərdə də istifadə edə biləcək. Azərbaycanda biznes imkanları olan bir şəxs, digər ölkədə biznes tərəfdaşı olan digər şirkətlər sənədləri asan şəkildə "ASAN imza" ilə imzalaya biləcək. Artıq bir imzanı əldə etməklə vətəndaş çoxsaylı şifrə və parollardan azad olacaq və bir imza vasitəsilə bütün dövlət və qeyri-dövlət təşkilatlarının elektron xidmətlərindən yararlana biləcək".

Onun sözlərinə görə, Vergilər Nazirliyi mərkəzi icra hakimiyyəti orqanları arasında elektronlaşdırılan xidmətlərin sayına görə qabaqcıl yerlərdən birini tutur. Ötən il nazirliyin elektron xidmətlərindən istifadə edənlərin sayı 2 milyondan çox olub. Bu isə o deməkdir ki, vergi ödəyiciləri bu imzanı əldə etməklə vergi ilə bağlı əməliyyatları "ASAN imza" vasitəsilə həyata keçirə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti