...

Azərbaycanda hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunan balıqçıların apelyasiya şikayətləri təmin edilməyib

Cəmiyyət Materials 10 İyul 2013 12:08 (UTC +04:00)
Trend-in məlumatına görə, hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayətləri təmin edilməyib.
Azərbaycanda hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunan balıqçıların apelyasiya şikayətləri təmin edilməyib

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir A.Məmmədov/

Bu gün Şirvan Apelyasiya Məhkəməsində Lənkəranın Balıqçılar kəndinin həbsdə olan 5 sakininin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, 2011-ci ilin dekabrın 15-də gecə saatlarında Lənkəran rayonunun Balıqçılar qəsəbəsində yerli sakinlərlə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları arasında insident baş verib. İnsident sərhədçilərin balıq ovu ilə məşğul olan qəsəbə sakinlərini dənizə buraxmaması səbəbindən yaranıb. Sərhədçilər Nazirlər Kabinetinin balıqçıların ov üçün sahildən dənizin 2 kilometrlik məsafəsinə qədər getməsinin qadağan olunması barədə qərarına əsaslanıblar.

Sərhədçilər qaydanı pozaraq uzaq məsafəyə ov üçün gedən yerli sakinlərə məxsus 5 balıqçı gəmisini içindəki 9 nəfərlə birlikdə saxlayıblar. Hadisə zamanı kəndin 9 sakini Lənkəran ŞPŞ-nə aparılıb. Onlardan 3-nün izahatı alınaraq elə həmin gün evə buraxılıb. Saxlanılan qəsəbə sakinlərindən daha iki nəfər - Qabil Əliyev dekabrın 16-da, Cavanşir İsmayılov isə dekabrın 17-də sərbəst buraxılıb.

Həbs olunan digər beş sakin - 1951-ci il təvəllüdlü İsmayıl İsi oğlu Hüseynovun, 1978-ci il təvəllüdlü Xaliq Arif oğlu Ələkbərovun, 1984-cü il təvəllüdlü Farid Nizami oğlu Məmiyevin və 1993-cü il təvəllüdlü Kainat Ağaməcid oğlu Abbaszadənin və 1986-cı il təvəllüdlü Mirağa Mirsalam oğlu Abbasovun barəsində isə Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.

Mirağa Mirsalam oğlu Abbasov 6 il, Xalıq Arif oğlu Ələkbərov isə 5 il müddətinə azadlıqdan məhrum olunub. Təqsirləndirilən digər üç sakin İsmayıl İsi oğlu Hüseynov, Fariz Nizami oğlu Məmiyev və Kainat Ağaməcid oğlu Abbaszadə isə məhkəmə zalından azadlığa buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti