Mikayıl Cabbarov: Qeyri-qanuni pul yığımlarının qarşısını almaq üçün səylərimizi qətiyyətlə davam etdirəcəyik

Cəmiyyət Materials 28 Avqust 2013 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İsabalayeva/

"Orta məktəblərdə qeyri-qanuni pul yığımları məsələsi qısa müddətdə həll olunmasa da, biz onun qarşısını almaq üçün səylərimizi qətiyyətlə davam etdirəcəyik".

Trend bildirir ki, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "Facebook" səhifəsində ona ünvanlanan suallara cavab verərkən bildirib.

Nazir qeyd edib ki, cari təmirlər pul yığımları üçün istifadə olunan "ənənəvi" bəhanələrdən biridir. Məktəblərin dövlət vəsaiti hesabına təmir edildiyini xatırladan M.Cabbarov bildirib ki, məktəblərdə təmir işləri bu gün də davam etdirilir. Bakıda 160-dan çox məktəbdə cari təmir işlərinin aparılması Təhsil Nazirliyi tərəfindən həyata keçirilib. Regionlarda isə bu iş yerli icra orqanları tərəfindən görülür. Nazirin sözlərinə görə, təmir işlərinin aparılması üçün həm TN-nin büdcəsindən, həm də Maliyyə Nazirliyinin müraciəti əsasında 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan xüsusi ehtiyat vəsaitdən istifadə olunub.

Pul yığımı məsələsində bəzi obyektiv problemlərin də rol oynadığını deyən nazir qeyd edib ki, həmin problemlər daha çox təhsilin idarə olunmasından qaynaqlanır.

M.Cabbarov qeyd edib ki, hər hansı məktəbdə pəncərə şüşəsi sındıqda, kiçik bir təmir işinə ehtiyac olduqda onun özünün büdcəsi olmadığına görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etməlidirlər. Bu idarə də müəyyən prosedurlardan keçərək vəsaitin ayrılmasını təmin etməlidir: "Bunlar vaxt aparan bürokratik prosedurlardır. Ona görə biz indi bu məsələyə də baxırıq ki, uzun vaxt, süründürməçilik tələb etməyən sistemi necə tətbiq edə bilərik. Digər tərəfdən də dövlət vəsaitinin istifadəsinə nəzarəti zəiflətməməliyik. Ona görə də burada obyektiv problemlər var. Ancaq biz ilk növbədə subyektiv halların, yəni sui-istifadə hallarının aradan qaldırılmasına diqqət edirik".

M. Cabbarov insanların, xüsusilə böyük şəhərlərdən kənarda yaşayanların gördükləri pozuntular barədə şikayət etməməsinə də təəssüflənib: "Bu, bizə mənfi halların aradan qaldırılmasına kömək etmir. İnsanlar bu və ya digər hallala görə özlərini məsuliyyətli hesab etmirlər. Yəqin ki, biz cəmiyyət olaraq, bu xəstəlikdən qurtulmalıyıq. Qanunveriçiliyə əsasən, anonim şikayətlərə baxılmır və biz qanunu pozaraq bunu edə bilmərik".

M.Cabbarov deyib ki, hazırda nazirliyin Daxili nəzarət şöbəsi və "Qaynar xətt" fəaliyyət göstərir: "Biz özümüz də öz təşəbbüsümüzlə belə məsələləri araşdırmağa çalışırıq. Onu da demək düzgün olmaz ki, müraciətlər yoxdur. Müraciətlər var. Bəzi müraciətlər əsasında artıq müvafiq tədbirlər görülüb".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti