...

Gənclər Fondu dördüncü qrant müsabiqəsini elan edi (FOTO)

Cəmiyyət Materials 3 Oktyabr 2013 17:47 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Gənclər Fondu dördüncü qrant müsabiqəsini elan edi (FOTO)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, toplantının gündəliyinə "C" kateqoriyası üzrə müsabiqənin elan olunması, qrant müsabiqələrinin təşkilini tənzimləyən sənədlərin təsdiq olunması və cari məsələlər daxil edilib.

Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov yeni qrant müsabiqəsinin məqsədləri, şərtləri və prioritet mövzuları haqqında məlumat verib. Qeyd edilib ki, müsabiqə gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına dəstək göstərmək məqsədi ilə təşkil olunur. "C" kateqoriyası üzrə keçirilən müsabiqədə yalnız yaşı 14-dən 29-dək olan fiziki şəxslər iştirak edə bilərlər.

Layihələri 2013-cü ildə Fond tərəfindən maliyyələşdirilmiş gənclər təşkilatlarının rəhbərlərinin, həmin layihələrin işçi heyətinin, habelə "C" kateqoriyası üzrə qrant almış fiziki şəxslərin bu müsabiqədə iştirakına məhdudiyyət qoyulması nəzərdə tutulub. Bildirilmişdir ki, gənclərin təşəbbüsləri qiymətləndirilərkən təhsildəki son yeniliklərə və elmi nailiyyətlərə həsr olunmuş tədbirlərin təşkili, intellektual yarışların və olimpiadaların keçirilməsi, gənc texniklərin ideyalarının reallaşdırılması, bədii və elmi ədəbiyyata marağın artırılması, ictimai davranış qaydalarının, könüllülüyün və tolerantlığın təbliği, böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyası, ətraf mühitin mühafizəsi və s. istiqamətlərdə hazırlanan layihələrə üstünlük veriləcək.

Müzakirələr nəticəsində hər bir layihə təklifi üçün Fond tərəfindən ayrıla biləcək maksimal məbləğ 4 min manat müəyyən edilib, müsabiqənin 2013-cü il oktyabrın 4-dən noyabrın 18-dək keçirilməsi qərara alınıb (müsabiqə ilə bağlı elanın tam mətni Gənclər Fondunun saytında yerləşdirilib).

Daha sonra iclasda "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqələrində iştirak etmək üçün gənclər təşkilatlarının və fiziki şəxslərin qeydiyyata alınmasına dair Təlimat"ın və "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qrant müsabiqələrinin keçirilməsi Qaydaları"nın layihələri müzakirə edilib. Qeyd olunub ki, Fondun yarandığı ilk vaxtlarda qrant müsabiqələrinin keçirilməsi ilə bağlı məsələlər "Təlimat və prosedur qaydaları" adlı vahid sənədlə tənzimlənib. Lakin Fondun fəaliyyətinin genişlənməsi, müraciət edən gənclərin və qeyri-hökumət təşkilatlarının sayının artması, müsabiqələr zamanı yeni sualların meydana çıxması həmin sənədin təkmilləşdirilməsini zəruri edib.

Yeni "Təlimat"da Fondun qrant müsabiqələrində iştirak etmək üçün gənclər təşkilatlarının və fiziki şəxslərin qeydiyyata alınmasına dair müddəalar konkretləşdirilib, "Qaydalar"da isə müsabiqədə iştirakın şərtləri, layihələrin qiymətləndirilməsi və maliyyələşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Müzakirələr zamanı sənədlərin mətninə bir sıra düzəliş və əlavələr təklif olunub. Həmin təkliflər nəzərə alınmaqla, hər iki sənəd Müşahidə Şurası tərəfindən təsdiq edilib (sənədlərin mətni Fondun saytında yerləşdirilib).

Müşahidə Şurası işini cari məsələlərin müzakirəsi ilə davam etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti