...

Səfir: Macarıstanın ali məktəbləri azərbaycanlı tələbələrə Avropa səviyyəli təhsil verməyə hazırdırlar

Cəmiyyət Materials 4 Oktyabr 2013 14:12 (UTC +04:00)
Macarıstanın ali məktəbləri azərbaycanlı tələbələrə Avropa səviyyəli təhsil verməyə hazırdırlar.
Səfir: Macarıstanın ali məktəbləri azərbaycanlı tələbələrə Avropa səviyyəli təhsil verməyə hazırdırlar

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir S. Ağayeva/

Macarıstanın ali məktəbləri azərbaycanlı tələbələrə Avropa səviyyəli təhsil verməyə hazırdırlar.

Bu barədə cümə günü Trend-ə Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora deyib.

Onun sözlərinə görə, Azərbaycan və Macarıstan arasında siyasi və iqtisadi sahələrdə yaxşı münasibətlər mövcuddur: "Hazırda Macarıstan hökuməti humanitar sahədə, xüsusilə təhsil sahəsində Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətindədir".

Səfir bildirib ki, 12 qabaqcıl dövlət və özəl ali məktəbin nümayəndələri cümə günü Bakıda açılmış VII Beynəlxalq "Təhsil və karyera" sərgisində Macarıstanda ali təhsil imkanlarını təqdim etmək niyyətindədirlər.

J. Çutoranın sözlərinə görə, Azərbaycan əcnəbi tələbələr cəlb etmək istəyən Macarıstanın ali məktəbləri üçün ən perspektivli bazarlardan biri hesab edilir və ölkənin qabaqcıl ali təhsil müəssisələri azərbaycanlı tələbələrə beynəlxalq münasibətlər, menecment, İKT, tibb, aqrokultura (əkin mədəniyyəti), mühəndislik, su təchizatı və digər ixtisaslar üzrə keyfiyyətli təhsil verməyə hazırdırlar.

Diplomat vurğulayıb ki, hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycanın 35 tələbəsi Macarıstanın müxtəlif ali məktəblərində təhsil alır.

O deyib ki, iki ölkənin ayrı-ayrı ali məktəbləri artıq müəyyən əməkdaşlıq münasibətləri qurublar: "Xüsusilə Azərbaycan Dillər Universiteti və Balaşi İnstitutu arasında əməkdaşlıq haqqında ilkin razılıq əldə edilib. Gələn il hər iki universitet əməkdaşlığa dair saziş imzalayacaq, onun əsasında Azərbaycanın ali məktəbində macar dili tədris ediləcək".

Diplomatın sözlərinə görə, ötən il Budapeştdə İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası çərçivəsində tələbələr üçün təqaüd proqramı haqqında sazişin imzalanması azərbaycanlı tələbələrin Macarıstanın ali məktəblərində təhsil almaları üçün yaxşı imkan yaradıb.

Səfir bildirib ki, gələn il Macarıstan bu proqram çərçivəsində artıq 200 azərbaycanlı tələbə qəbul edəcək: "Sazişə əsasən, Macarıstan təhsil haqqını ödəyəcək, tələbələri yataqxana və təqribən 42 min forint və ya təqribən 150 manat həcmində aylıq təqaüdlə təmin edəcək".

Onun sözlərinə görə, macar tələbələrinin Azərbaycanın ali məktəblərində təhsil almalarına da böyük maraq mövcuddur və bu istiqamətdə iş aparılır: "Xüsusilə söhbət Lomonosov adına MDU-nun Bakı filialı, Azərbaycan Neft Akademiyası, Azərbaycan Diplomatik Akademiyasından gedir".

Macarıstan Biznes Məktəbinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Laszlo Lendvay Trend-ə bildirib ki, təmsil etdiyi ali təhsil müəssisəsi də azərbaycanlı tələbələri qəbul etməyə hazırdır.

Onun sözlərinə görə, ali məktəb azərbaycanlı tələbələrə diplomatik təhsil, maliyyə, turizm, menecement incəsənəti, İKT və digər ixtisaslar üzrə təhsil təklif edir: "Ali məktəb özəl olmasına baxmayaraq, təhsil əlaçılarına təqaüdlər verir, yəni onları 50 faizdən 70 faizə qədər təhsil ödənişlərindən azad edir".

O qeyd edib ki, Azərbaycana indiki səfəri zamanı ölkənin ali məktəbləri ilə təmaslar qurmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti