...

Azərbaycan və Gürcüstan arasında gənclər və idman sahəsi üzrə 2014-2015-ci illər üçün tədbirlər planı imzalanacaq (FOTO)

Cəmiyyət Materials 17 Oktyabr 2013 21:44 (UTC +04:00)
Bu gün Gürcüstanın İdman və Gənclər Nazirliyində Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev və Gürcüstanın idman və gənclər naziri Levan Kipianinin “Beynəlxalq Gənclər Festivalı”na həsr olunmuş birgə mətbuat konfransı keçirilib.
Azərbaycan və Gürcüstan arasında gənclər və idman sahəsi üzrə 2014-2015-ci illər üçün tədbirlər planı imzalanacaq (FOTO)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Bu gün Gürcüstanın İdman və Gənclər Nazirliyində Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev və Gürcüstanın idman və gənclər naziri Levan Kipianinin "Beynəlxalq Gənclər Festivalı"na həsr olunmuş birgə mətbuat konfransı keçirilib.

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, L.Kipiani ortaq layihələrin gənclər sahəsində əhəmiyyətindən danışıb: "Hər iki ölkə tərəfdən bu layihədə 100-ə yaxın gənc iştirak edir".

Öz növbəsində, İ.Babayev hər zaman Gürcüstan və Azərbaycan xalqlarının birgə layihələri, bu layihələrin nəticəsi olaraq qazanılan uğurlar haqqında söz açıb: "18 oktyabr tarixində Gürcüstanın Sinqnaxi şəhərində baş tutacaq festival hər iki ölkənin gəncləri üçün mədəniyyət və idman sahələrinin tanınması baxımından çox önəmli olacaq".

İ.Babayev Azərbaycanın bu layihəyə böyük bir nümayəndə heyəti ilə qatıldığını bildirib.

Qeyd edək ki, festivalın keçirilməsində məqsəd iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlığı inkişaf etdirmək, ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.

Oktyabrın 19-dək davam edəcək festival çərçivəsində Azərbaycan və Gürcüstan hökumətləri arasında gənclərlə iş və idman sahələrində imzalanmış əməkdaşlıq haqqında sazişlərin müddəalarının həyata keçirilməsi üçün 2014-2015-ci illər üçün tədbirlər planı imzalanacaq. Bundan başqa, idman yarışları, müxtəlif sənətkarlıq işlərinin sərgisi, milli xörəklərimizin nümayişi, moda sərgisi, hər iki ölkənin gənclər təşkilatları arasında görüş və azərbaycanlı və gürcü gənclərin iştirakı ilə konsert proqramının təşkili nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti