...

Bu il Azərbaycanda “yol epidemiyası” qurbanlarının sayı 971 nəfərə çatıb

Cəmiyyət Materials 18 Noyabr 2013 11:08 (UTC +04:00)
Azərbaycanda 2013-cü ilin 10 ayı ərzində 2426 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 971 nəfər ölüb, 2558 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu il Azərbaycanda “yol epidemiyası” qurbanlarının sayı 971 nəfərə çatıb

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanda 2013-cü ilin 10 ayı ərzində 2426 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 971 nəfər ölüb, 2558 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, 2012-ci ilin analoji dövrü ilə müqayisədə 26 hadisə azalıb, ölüm 2 fakt artıb, yaralananların sayı 48 nəfər azalıb.

Hadisələrin 846-sı Bakının payına düşür. Paytaxtda baş verən qəzalar zamanı 284 nəfər ölüb, 846 nəfər yaralanıb.

Hadisələrin 864-ü (370 ölüm, 1205 yaralı) toqquşma nəticəsində, 300-ü aşma (146 ölüm, 312 yaralı), 254-ü (98 ölüm, 286 yaralı) maneəni vurma, 755-i (330 ölüm, 976 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma nəticəsində, 707-si (344 ölüm, 622 yaralı) isə sürət həddinin aşılması nəticəsində baş verib.

Piyadaların vurulması ilə bağlı 971 hadisə qeydə alınıb. Hadisələr nəticəsində 328 nəfər ölüb, 671 nəfər yaralanıb. Qəzaların 88-i avtobus sürücüləri tərəfindən törədilib. Bu zaman 45 nəfər ölüb, 11 nəfər yaralanıb. Hadisələrin 120-si yük avtomobilləri tərəfindən törədilib, nəticədə 54 nəfər ölüb, 106 nəfər yaralanıb.

Hesabat dövründə sərxoş sürücülər tərəfindən 69 hadisə törədilib. Qəzalar zamanı 28 nəfər ölüb, 78 nəfər yaralanıb.

Kamran Əliyev bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti