...

Azərbaycanda insanların ürək ağrısı: uşaqlar arasında daha çox 4 tipli ürək qüsurlarına rast gəlinir

Cəmiyyət Materials 18 Dekabr 2013 11:02 (UTC +04:00)
Əvvəlki illərlə müqayisədə Azərbaycanda həm uşaqlar, həm də böyüklər arasında ürək qüsurlarından və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin sayı getdikcə artır.
Azərbaycanda insanların ürək ağrısı: uşaqlar arasında daha çox 4 tipli ürək qüsurlarına rast gəlinir

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Əvvəlki illərlə müqayisədə Azərbaycanda həm uşaqlar, həm də böyüklər arasında ürək qüsurlarından və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin sayı getdikcə artır. Bunu Trend-ə Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, ürək-damar cərrahı, Respublika Diaqnostika Mərkəzinin Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, bu artımın baş verməsinin 2 səbəbi var: Bunların biri insanların həyat tərzində baş verən dəyişikliklər, risk faktorlarının artması, qidalanmada təbiilikdən daha çox süniliyə keçiddir. Digər səbəb isə, tibbi xidmətlərin səviyyəsinin yüksəlməsi ilə əlaqədar bu xəstəliklərin diaqnozunun daha rahat şəkildə qoyula bilməsidir ki, bu da sonda rəqəmlərin nisbi olaraq yüksəlməsinə gətirib çıxarır.

R.Mahmudov bildirib ki, ürək qüsurları anadangəlmə və qazanılmış olur. Uşaqlar arasında ən çox rast gəlinən ürək qüsurları anadangəlmə olur. Uşaq yaşlarında anadangəlmə ürək qüsurlarına rast gəlmə tezliyi Azərbaycanda da dünyada olduğu kimidir. Bu göstəricilərə görə, 1000 diri doğulan uşağın 8-10-da anadangəlmə ürək qüsuru olur.

R.Mahmudov deyib ki, böyüklərdə ürək qüsurları ilə bağlı vəziyyət fərqlidir. Qazanılmış ürək qüsurlarının yaranmasında həyat tərzi, genetik faktorlar, şəkərli diabet, qidalanma tərzi və s. rol oynayır. İnsanlarda 45 yaşdan sonra ürəkdə qüsurların yaranması riski çox artır: "Əgər 1000 diri doğulan uşaq arasında maksimum 10 nəfər ürək qüsurlu olursa, artıq böyük insanlar arasında bu rəqəm həddindən çox artır".

Assosiasiya sədri qeyd edib ki, anadangəlmə ürək qüsurları iki cür - göy və göy olmayan tipli olur. Göy tipli ürək qüsurlarından əziyyət çəkənlərdə bu xəstəliyin əlamətləri kənardan baxdıqda da hiss edilir. Belə xəstələrin dodaqları göyərmiş olur. Digər tipli ürək qüsurlarından əziyyət çəkənlərdə xəstəlik özünü büruzə vermir: "Azərbaycanda göy tipli xəstəliklər arasında 4 tipli ürək qüsurlarına daha çox rast gəlinir. Bu, mürəkkəb anadangəlmə ürək qüsurlarından biridir. Ən gözəl haldır ki, bu gün Azərbaycanda ən mürəkkəb ürək qüsurları belə müalicə edilir və bu işlər dünya tibbi ilə eyni səviyyədədir".

Uşaqlarda anadangəlmə ürək qüsurlarının yaranma səbəblərinə gəldikdə, R.Mahmudov deyib ki, bu, yalnız bir faktorla bağlı deyil. Bunların ən əsas səbəbi genetik faktorlardır: "Ailədə görülməyən, ancaq genetikada olan, bilmədiyimiz xəstəliklərdir. Eyni zamanda, qohum evlilikləri zamanı gizli olan xəstəliklər yan-yana gəldikdə gizli olan proses dominant hala gələrək xəstəliyə çevrilir. Bu amil, eləcə də qadınların hamiləykən, xüsusilə hamilələyin ilk 3 ayı ərzində həkim nəzarəti olmadan istifadə etdiyi bəzi dərmanlar, hamiləliyin ilk 3 ayı ərzində yoluxulan virus mənşəli infeksiyalar uşaqlarda anadangəlmə ürək qüsurlarının yaranma ehtimallarını artırır".

R.Mahmudov deyib ki, qazanılmış ürək qüsurları çox zaman uşaqlarda stress faktoru, uşaqların həyat tərzi ilə əlaqəli olaraq yaranmır: "Bütün məsələ uşağın özündən qaynaqlanmır. Uşağın orqanizminin formalaşma periodunda genetik olaraq problemlərin əmələ gəlməsi buna təsir edir".

Qeyd edək ki, 2012-ci ildə ölkə üzrə 271 295 nəfər qan dövranı xəstəliklərindən əziyyət çəkib (2013-cü ilin statistikası növbəti il hazır olacaq).

Statistik rəqəmlərə görə, ölkədə qan dövranı xəstəliklərindən əziyyət çəkən 0-13 yaşlı uşaqların sayı 14-17 yaş arasında olan uşaqlarla müqayisədə daha çoxdur. 2012-ci ildə Azərbaycanda 0-13 yaşlı uşaqlar arasında 15 982, 14-17 yaş arasında olan uşaqlardan 4079, 18-19 yaş arasında olanlardan 21 983, 30 və daha yuxarı yaşlı insanlar arasında isə 229 251 qan-damar dövranı sistemi xəstəliklərindən əziyyət çəkən xəstə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti