Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Bayram günlərində (dekabrın 30-dan yanvarın 6-dək) Bakıda 2 nəfər dəm qazından zəhərlənərək dünyasını dəyişib. Bu barədə Trend-ə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib.
Onun sözlərinə görə, bayram günlərində Bakıda dəm qazından zəhərlənmə nəticəsində ilk ölüm hadisəsi yanvarın 1-də qeydə alınıb. Həmin hadisə Bakının Sabuncu rayonunda baş verib. Bu hadisə nəticəsində 50 yaşlı kişi hamamda dünyasını dəyişib. Yanvarın 3-də Bakının Xətai rayonunda 23 yaşlı oğlan hamamda dəm qazından zəhərlənərək dünyasını dəyişib. Təcili yardım briqadaları hadisə yerinə catan zaman hər iki şəxs dünyasını dəyişmiş olub.
Z.Vahidova deyib ki, ümumilikdə 2013-cü ilin dekabrın 30-dan 2014-cü ilin yanvarın 6-dək dəm qazından zəhərlənmə ilə əlaqədar 88 nəfər təcili tibbi yardım xidmətlərinə müraciət edib.Onlardan 58-nin vəziyyəti nisbətən ağır olduğundan xəstəxanalara yerləşdirilib.