...

Patrik Kvin: "Biz ADA Universitetində yeni dünyanın strategiyaları ilə məşğul olan və çətinliklərin öhdəsindən gələn tələbələr hazırlayırıq" (FOTO)

Cəmiyyət Materials 30 Yanvar 2014 17:19 (UTC +04:00)
ADA Universitetində Tədris işləri üzrə prorektor Patrik Kvinin Trend-ə müsahibəsi
Patrik Kvin: "Biz ADA Universitetində yeni dünyanın strategiyaları ilə məşğul olan və çətinliklərin öhdəsindən gələn tələbələr hazırlayırıq" (FOTO)

Azərbaycan, Bakı, 30 yanvar/ Trend, müxbir S.Əhmədova/

ADA Universitetində Tədris işləri üzrə prorektor Patrik Kvinin Trend-ə müsahibəsi

Patrik Kvin 2013-cü ilin avqust ayından ADA Universitetində Tədris işləri üzrə prorektor kimi fəaliyyət göstərir.

Patrik Kvin bundan əvvəl 2009-cu ildən 2012-ci ilədək Kaliforniyanın Orinc dairəsinin (Orange County) Chapman Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin dekanı vəzifəsində fəaliyyət göstərib. O, 2002-ci ildən 2006-cı ilədək Massaçust Ştatının Vuster Politexnik İnstitutunda Humanitar elmlər və incəsənət fakültəsinin dekanı və 2006-cı ildən 2009-cu ilədək Missisipi Universitetində İngilis dili fakültəsinin rəhbəri vəzifəsində fəaliyyət göstərib. Patrik Kvin akademik fəaliyyətinə Kanadada başlayıb və bu, ona İngiltərə, Yunanıstan, Almaniya, İraq və ABŞ-da tədris və idarəçiliklə məşğul olmaq üçün imkan yaradıb.

- Cənab Kvinn, siz ADA-ya 2013-cü ilin avqust ayında Tədris İşləri üzrə prorektor kimi qoşulmusunuz. Sizin ADA Universitetinə qoşulmağınızda əsas motivasiyanız nə olub?

- Bura gəlməmişdən öncə mən Türkiyədə professor kimi fəaliyyət göstərmişəm. Mən on beş il ərzində Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallıqda idarəetmə ilə məşğul olmuşam. ADA Universitetinə gəlməyimin əsas səbəbi yeni nəsə yaratmaq ideyası, Universitetin yaranmasının lap əvvəlindən işləmək və mənim karyeram boyu topladığım müxtəlif ideyalar ilə Azərbaycan kimi bir ölkədə təhsilin inkişafına töhfə verməkdir. Bura gəlmək və güclü bir universitet yaratmaq çox həvəsləndirici imkan oldu. Bu, mənim hər zaman görmək istədiyim iş idi.

- Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə Azərbayca Diplomatik Akademiyası tam hüquqlu universitetə çevrildi. Necə düşünürsünüz, bu universitetin bundan sonrakı genişlənməsinə təsir edəcəkmi?

- ADA Universitetinin genişlənmək niyyəti çox təbiidir. Universitet bütün fənlər, biznes, elm, təhsil aspektləri, bu kimi məsələlər barədə düşünməyə başlayanda artıq genişlənməlidir. Ümid edirəm ki, biz bu istiqamətdə çox işlər görməyə davam edəcəyik. Genişlənməkdə olan hər bir universitetdə müxtəlif kurslar və müxtəlif ideyalar mövcuddur. Hesab edirəm ki, əgər universitet tam hüquqludursa, hərtərəfli qurumdursa, o daha dinamik və maraqlı yerə çevriləcək. Və mən hesab edirəm ki, bu artıq baş verib. Biz bu universitetdə həmin enerjini artıq hiss edirik. Biz növbəti beş ildə 700 tələbədən 4,000-5,000 tələbəyə kimi artacağıq. Bunlar hamısı genişlənməkdir və bu artıq indi baş verir.

- ADA Universiteti beynəlxalq əməkdaşlığını necə genişləndirəcək?

- ADA Universiteti qarşılıqlı əməkdaşlıq haqqında təxminən 45 beynəlxalq universitetlə anlaşma memorandumu imzalayıb. Biz Miçiqan Dövlət və Britaniyanın Qlazqo universitetləri ilə tədrisin inkişafı və yeni təhsil ocağımızın qurulması üçün bizə yardım göstərmələri istiqamətində birgə işləyirik.

Və əlbəttə ki, biz beynəlxalq tələbə qurumu kimi daha inkişaf etməli və tələbələrin təhsil alması üçün seçəcəyi məşhur bir təhsil ocağına çevrilməliyik. Hazırda universitetdə dünyanın 30 ölkəsindən tələbələr var və bu say artacaq. Mən inanıram ki, bu, bizim tədqiqat layihələrimizə də təsir edəcək. Bizim fakültəmiz inkişaf etdikcə və böyüdükcə bütün dünyada olan digər təhsil ocaqları ilə çoxlu sayda mübadilələr olacaq. Bütün bunlar bizim inkişaf etdəyimizə daha da yardım edəcək.

Biz tələbələrimizi yeni dünyaya hazırlamalıyıq. Azərbaycan neft istehal edən böyük ölkədir və Avropa və Asiya üçün çox önəmli ölkəyə çevrilir. Bütün bu proqramlar birlikdə dünyanı Azərbaycana və Azərbaycanı dünyaya çatdırmaq üçün həyata keçirilir. Hesab edirəm ki, bu, bizim şüarımızdır.

- ADA dövlət ali təhsil müəssisəsidir. Sizcə, dövlət orqanları işə qəbul zamanı ADA Universitetinin məzunlarına üstünlük verəcəkmi?

- Bizim burda etməyə çalışdığımız Azərbaycanda təhsilin simasını dəyişməkdir və bunun bir hissəsi fərqli olan tədris və öyrənmə yollarını inkişaf etdirməkdir. Hesab edirəm ki, bizim burda etməyə çalışdığımız yaşadığımız yeni dünyanın strategiyaları ilə məşğul olan və çətinliklərin öhdəsindən gələn tələbələr hazırlamaqdır. Biz ümid edirik ki, o zaman biz uzaqgörən, inteligent, yaxşı təhsilli, tənqidi düşüncəyə malik və ingilis dilini bilən və geniş dünyagörüşünə sahib olan tələbələr axtarışında olan hökümətə və dövlət idarələrinə qəbul ola biləcəyik. Beləliklə, bizim məqsədimiz tənqidi düşünmə qabiliyyəti olan və geniş ideya spektri ilə gələcəyə inamla baxan yeni tələbə nəsillərinin, yeni məzunların hazırlanmasıdır.

- ADA Universitetinin professor və müəllim heyətinin cəlb edilməsi siyasəti nədir?

- ADA Universiteti akademik mükəmməllik, yenilikçi tədris və təlim sahələrində fəaliyyətindən qürur duyur. Burada tədris aparmaq artıq tədqiqat, tədris və ictimai təbliğat sahəsində təkmilləşən bir çox azərbaycanlı və xarici fəlsəfə elmləri doktorlarının təkzibedilməz karyera seçiminə çevrilib. Hazırda biz xaricdən və Azərbaycandan daha çox gənc, həvəsli və parlaq fikirli akademik heyətin ADA Universitetinə cəlb olunması istiqamətində işləyirik. ADA Universitetinin Fəlsəfə Doktorları Təqaüdü bu istiqamətdəki işin bir yoludur. Bu təqaüd Avropanın, Şimali Amerikanın və dünyanın müxtəlif tanınmış məktəblərində aspiranturada təhsil alan azərbaycanlılara dəstək olmaq üçün yaradılıb. Bunun məqsədi bizim tədrisimizə aid sahələrdə görkəmli Azərbaycan doktorlarını ölkəyə, xüsusilə də ADA Universitetinə geri gətirmək və Azərbaycandan "beyin axını"nın qarşısını almaqdır.

Biz insanları ADA Universitetinin hərtəfəli bir universitet olması barədə məlumatlandırmaq üçün burada müxtəlif konfranslar keçiririk. Azərbaycanın fəlsəfə elmləri doktarları və fəlsəfə elmləri namizədləri arasında ünsiyyət, əməkdaşlıq və şəbəkələşmə üçün platformanı təmin etmək üçün, yerli istedadlara ADA Universitetini mərkəz kimi təqdim etmək üçün ADA Universiteti illik fəlsəfə elmləri doktorlarının seminarlarını keçirir.

Beləliklə biz işimizi davam etdiririk və bu təhsil sistemini yaradırıq, və bu sanki qartopu effektini verir. Sən başlayırsan və qartopu yuvarlanmağa başlayır və getdikcə daha böyüyür və bu daha həvəsləndirici olur və insanlar bunun haqqında eşidir və bizim haqqımızda daha çox məlumat almaq istəyirlər. Beləliklə bütün bunlar bizim hazırda qurduğumuz böyük hərtərəfli universiteti yaratmağımız üçündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti