...

Baş Prokurorluğunun təşkilatçılığı ilə “Sumqayıt 1988: Cinayət və cəza” kitabinin təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Fevral 2014 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İzzət/

Fevralın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə hazırlanmış "Sumqayıt 1988: Cinayət və cəza" kitabının təqdimatı keçirilib.

Trend xəbər verir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu və Xarici İşlər Nazirliyi ilə birgə təşkil olunmuş tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilk növbədə Sumqayıt hadisələrinin gerçək mahiyyətinin üzə çıxarılmasının və dünya ictimaiyyətinə təqdim olunmasının ümummilli dövlət maraqlarının strateji əhəmiyyətindən danışıb. Akademik qeyd edib ki, 26 il bundan əvvəl baş verən bu hadisənin əsasında erməni millətçilərinin saxta torpaq iddiaları ilə SSRİ rəhbərliyinin imperiya maraqlarının bir nöqtədə kəsişməsi dayanır. Bu niyyəti həyata keçirmək üçün Azərbaycan xalqını vəhşi, qaniçən, qeyri-tolerant obrazda dünya ictimaiyyətinə təqdim etmək istəyən erməni millətçiləri hətta öz soydaşlarını belə güdaza verməkdən çəkinmədilər.

A.Əlizadə bildirib ki, bu hadisələrdə Azərbaycan xalqının mövqeyini xüsusi hazırlanmış xüsusi qrupların təsiri altına düşən bir neçə emosional gənclərin hərəkətində deyil, erməni qonşularını, yoldaşlarını erməni millətçilərinin terrorundan xilas edib evində, ailəsində sığınacaq verən azərbaycanlıların davranışında axtarmalıdır.

Akademik xüsusi vurğulayıb ki, dünyanın diqqətinin Qarabağ həqiqətləri və Xocalı soyqırımına yönəldiyi bir vaxtda xalqımıza qarşı əks-təbliğat vasitəsi kimi istifadə olunan Sumqayıt hadisələrinin gerçək üzünün beynəlxalq ictimaiyyətə çatdırılması hüquq mühafizə orqanları işçiləri ilə yanaşı, alimlərin, tarixçilərin, hüquqşünasların da üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan tədqiqatçı jurnalist-alimlər Ramazan Məmmədov və Eyruz Məmmədov tərəfindən yazılan və üç dildə işıq üzü görən "Sumqayıt 1988: cinayət və cəza" adlı kitab xüsusi əhəmiyyətə malikdir.

Kitabın mühüm məziyyətlərindən bəhs edən akademik A.Əlizadə qeyd edib ki, burada Sumqayıt hadisələrinin dövrün digər analoji prosesləri ilə müqayisədə işıqlandırılması çox təqdirə layiqdir. Sevindirici haldır ki, kitabda müxtəlif siyasi sənədlər, dövrü mətbuat yazıları, xatirələr, cinayət işi ilə bağlı ayrı-ayrı faktlar dövrün siyasi mənzərəsi kontekstində sistemləşdirilib.

Kitabda SSRİ və Azərbaycan SSR Prokurorluqlarının əməkdaşları tərəfindən aparılmış istintaq materiallarından, cinayətin icraçılarının, zərərçəkənlərin və digər şahid ifadələrindən, həmçinin məhkəmə materiallarından istifadə olunub. Bununla belə, uydurma "Böyük Ermənistan" problemi, "erməni məsələsinə" həsr olunmuş çoxsaylı ədəbiyyatdan istifadə edilməklə, hadisələrin səbəb və nəticələri, cinayətin icraçılarının cəzalandırıldığı da göstərilir. Nəşrdə Sumqayıt iğtişaşlarının yaranma səbəbinin izahını verən, iştirakçılarını ifşa edən müəlliflərin öz obyektivliyi və subyektivliyi ilə seçilən fərziyyə, mühakimə və mülahizələri də yer alıb.

Sonra Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubovun kitab haqqında məruzəsi dinlənilib. O, qeyd edib ki, kitabın hazırlanmasında əsas məqsəd Sumqayıt hadisələri haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Kitabda əsasən 1988-ci ilin fevralında baş vermiş Sumqayıt hadisələrinə gətirib çıxaran səbəblər, onu törədənlər, təşviq edən qruplar haqqında materiallar yerləşdirilməklə yanaşı, kitabın müəllifləri hadisələri sifariş verən və təşkil edən qüvvələrin izlərinin respublikanın hüdudlarından kənara çıxdığını göstərməyə çalışıblar: "Uzun illər ərzində erməni tərəfi öz separatçı və işğalçı siyasətinə, Xocalı soyqırımına və Azərbaycan torpaqlarında törətdikləri terror və digər cinayətlərə bəraət qazandırmaq üçün Sumqayıt hadisələrinə istinad edib. Təəssüflə bildirməliyəm ki, Sumqayıt hadisələri ilə bağlı cinayətin iştirakçıları barəsində müvafiq cəza tədbirləri görülsə də, hətta ölüm cəzası verilsə də, Xocalı soyqırımını törətmiş erməni faşistləri bu günədək məhkəmə məsuliyyətinə verilməyiblər. Qeyd olunan hadisələrdən uzun müddət keçməsinə baxmayaraq, ermənilər hələ də dünya ictimaiyyətini, beynəlxalq təşkilatları bu hadisələrin mahiyyəti ilə əlaqədar aldatmağa çalışmaqdan əl çəkmirlər. Onlar Sumqayıtda törədilmiş hadisələrin əsl mahiyyətini gizlədərək, Azərbaycan xalqını vəhşi, qaniçən və cinayətkar qismində dünyaya təqdim etmək üçün hər vəchlə çalışır".

R.Usubov uzun müddət keçməsinə baxmayaraq həmin hadisələrin yenidən araşdırılması hansı zərurətdən doğduğuna da aydınlıq gətirib: "Əvvəla, qeyd olunan hadisələrdən 26 il keçməsinə baxmayaraq, ermənilər hələ də dünya ictimaiyyətini, beynəlxalq təşkilatları bu hadisələrin mahiyyəti ilə əlaqədar aldatmağa çalışmaqdan əl çəkmirlər. Onlar Sumqayıtda törədilmiş hadisələrin əsl mahiyyətini gizlədərək, Azərbaycan xalqını vəhşi, qaniçən və cinayətkar qismində dünyaya təqdim etmək üçün dəridən-qabıqdan çıxır, Sumqayıt hadisələrini soyqırımı kimi təqdim etməyə çalışırlar və bu istiqamətdə xeyli fəallaşaraq aktiv təbliğatla məşğuldurlar. Bu məqsədlə Ermənistan Baş Prokurorluğu Sumqayıt hadisələri ilə bağlı xüsusi veb-sayt yaradaraq bu hadisələrin mahiyyətini saxtalaşdırmaqla yalan məlumatlar yayırlar.

Bundan başqa, həmin hadisələrlə əlaqədar Sumqayıt şəhər prokurorluğu tərəfindən hadisələr başlayan kimi, yəni fevralın 27-də başlanıb və artıq 1 mart 1988-ci il tarixdən keçmiş SSRİ Prokurorluğunun İstintaq qrupunun icraatına götürülərək istintaq olunmuş cinayət işlərinin öyrənilməsi göstərib ki, bu hadisələrlə bağlı işin istintaqı qeyd olunan istintaq qrupu tərəfindən tam, hərtərəfli və obyektiv aparılmayıb, hadisələrin əsl mahiyyəti açılmayıb, faktiki olaraq gizlədilib, cinayətlərin bütün iştirakçıları müəyyən edilməyib, bu hadisələrin əsl təşkilatçıları isə ümumiyyətlə məsuliyyətdən kənarda qalıb, onların müəyyən edilib məsuliyyətə cəlb edilməsi üçün heç bir tədbir görülməyib, cinayətin baş vermə səbəb və şəraiti qətiyyən araşdırılmayıb. Məhz qeyd etdiklərim Sumqayıt hadisələrinin yenidən araşdırılması zərurətini yaradıb".

Onun sözlərinə görə, hazırda aparılan istintaqın əsas məqsədi də məhz Sumqayıt hadisələri ilə əlaqədar erməni yalanlarını üzə çıxarmaq, toplanmış sübutlarla bu hadisələrin əsl mahiyyətini açmaq, mümkün qədər cinayətin bütün iştirakçılarını, əsasən də təşkilatçılarını, nə qədər çətin də olsa müəyyən etməkdir. Bu məqsədlə ilk öncə Baş prokuror, cənab Zakir Qaralovun əmri ilə SSRİ Baş Prokurorluğunun istintaq qrupunun aparmış olduğu və icraatlarını dayandırdığı cinayət işlərinin öyrənilməsi üçün Prokurorluğun təcrübəli işçilərindən ibarət komissiya yaradılıb və komissiya işləri öyrənərək həmin işlərin icraatlarının təzələnərək yenidən istintaq aparılmasını tövsiyə edib. Baş prokurorun 19 mart 2010-cu il tarixli qərarı ilə 5 cinayət işinin icraatı təzələnərək, bir icraatda birləşdirilib istintaqın aparılması Baş Prokurorluğun, MTN və DİN-nin təcrübəli əməkdaşlarından ibarət rəhbərlik etdiyim istintaq-əməliyyat qrupuna tapşırılıb: "Doğrudur, Sumqayıt hadisələri ilə əlaqədar keçmiş SSRİ Prokurorluğunun SSRİ-nin müxtəlif respublikalarından və hüquq-mühafizə orqanlarından 230-dan artıq müstəntiq və bir o qədər də əməliyyatçının cəlb edildiyi istintaq-əməliyyat qrupu tərəfindən olduqca böyük həcmdə material toplanıb, araşdırılıb və nəticəsi olaraq bir çox şəxslər məsuliyyətə cəlb ediliblər. Lakin hadisələrlə bağlı istintaqın bilavasitə əvvəlindən hadisələrdə zərərçəkənlərin guya, ermənilər, təqsirkarların isə azərbaycanlılar olması barədə irəli sürülmüş doqmatik fərziyyə istintaqın birtərəfli və kifayət qədər qərəzli aparılmasına, onun müəyyən siyasi sifarişə xidmət etməsinə səbəb olub. Belə ki, Sumqayıtda baş vermiş iğtişaşlar zamanı saxlanılmış erməni soyadı daşıyanların barəsində heç bir araşdırma aparılmamış, onlar dərhal "zərərçəkən" tərəf kimi buraxılmış və bir çoxları məsuliyyətdən kənarda qalıblar".

R.Usubov həmçinin bildirib ki, hazırkı istintaqla müəyyən edilib ki, Sumqayıt şəhərində yaşayan ermənilərin əksəriyyətinin kütləvi iğtişaşlar baş verəcəyindən əvvəlcədən xəbərləri olub. Belə ki, aparılan əlavə istintaq zamanı Sumqayıt şəhərində yaşayan 100-dən çox ailənin hadisələrə qədər əmanət kassalarında olan pullarını götürüb şəhərdən köçüb getmələri müəyyən edilib. Köçüb gedənlərin əksəriyyəti imkanlı ailələr olub. Həmin ərəfədə intensiv beynəlxalq telefon əlaqələri də ermənilər tərəfindən yaradılıb. Eyni zamanda həmin ərəfədə Ermənistanın xüsusi xidmət orqanları əməkdaşlarının Bakı və Sumqayıt şəhərlərinə gələrək buradakı mehmanxanalarda yerləşmələri və ermənilərlə görüşüb gizli söhbətlər aparmaları istintaqda müəyyən edilib: "Yuxarıda qeyd olunduğu kimi ermənilər Sumqayıt hadisələri zamanı azərbaycanlıların "vəhşi" obrazını yaratmaq üçün əllərindən gələni edirlər. Hazırda aparılan istintaq zamanı Sumqayıt şəhərində yaşayan milliyyətcə erməni olan qadınlar dindirilmiş və onlar ifadələrində azərbaycanlıların həmin hadisələr zamanı yüzlərlə erməninin həyatını xilas etmələrini göstəriblər. Bundan başqa, hələ SSRİ Baş Prokurorluğunun istintaq qrupu istintaq apararkən, Ermənistan SSR Prokurorluğunun müstəntiqləri Sumqayıtdan köçüb Ermənistana getmiş erməniləri dindirib və həmin şəxslər də azərbaycanlıların onları xilas etmələri barədə ifadələr veriblər. Qeyd etdiyim bu faktdan, yəni guya hadisələr zamanı azərbaycanlılardan ölənlərin olmaması "fakt"ından istifadə edən ermənilər Sumqayıt hadisələri zamanı bir nəfər də olsun, azərbaycanlının öldürülməməsi barədə, iddialarını bu gün də davam etdirirlər. (26 erməni, 6 azərbaycanlı öldürülmüş.)"

R.Usubovun sözlərinə görə, ermənilərin iddialarına baxmayaraq, qeyd edilən cinayət işləri öyrənilərkən müəyyən edilmişdir ki, Sumqayıt hadisələri ilə əlaqədar şəhərə qoşun hissələri yeridilərkən 4 azərbaycanlının öldürülməsinə dair Bakı Qarnizonu Hərbi Prokurorluğunda cinayət işi istintaq olunub və işin icraatına əsassız olaraq xitam verilib. Həmin cinayət işi üzrə tərəfimizdən aparılan əlavə istintaq zamanı sübut olunub ki, Bakı 1 №-li avtobus parkının sürücüsü, milliyyətcə erməni olan Markaryan Valeri Vaskanoviç Sumqayıt şəhərində idarə etdiyi avtobusu küçədə səki ilə hərəkət edən insanların üstünə qəsdən sürüb və nəticədə 4 azərbaycanlı həlak olub. İstintaq aparanlar isə rus millətindən olmaqla hadisəni elə qələmə veriblər ki, guya zərərçəkənlərin özləri günahkar olub və guya təsadüfən hərbçilərin idarə etdikləri zirehli texnikanın tırtılları altında qalıb həlak olublar. Ölənlərin yaxın qohumları da bu vaxtadək elə güman etmişlər ki, hadisə hərbçilər tərəfindən törədilib. Hazırda bu fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorun birinci müavini bildirib ki, istintaqın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına, Nazirlər Kabinetinin Qaçqın və köçkünlərin işləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər, Milli Təhlükəsizlik, Mədəniyyət və Turizm, Nəqliyyat nazirliklərinə, Ali Məhkəməyə, Həmkarlar İttifaqları Konfederasiyasına, Sumqayıt şəhər İcra Hakimiyyətinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, respublikanın bəzi kütləvi informasiya vasitələrinə və Rusiya Federasiyasının Baş Prokurorluğuna sorğular göndərilərək əksəriyyətinə cavablar alınıb.

O, həmçinin qeyd edib ki, Sumqayıtda həmin dövrdə 18 minə yaxın erməni yaşadığı halda, cəmi 26 erməninin öldürülməsi faktı, azərbaycanlıların öz erməni qonşularını fədakarcasına müdafiə etmələri və gizlətmələri nəticəsində mümkün olub: "Belə ki, Moskva şəhərində SSRI Prokurorluğunun istintaq qrupunun üzvü olmuş keçmiş SSRİ Baş prokuroru yanında xüsusilə mühüm işlər üzrə baş müstəntiq işləmiş V.İ.Kaliniçenko ilə görüşərkən o, Sumqayıt hadisələrinin istintaqı zamanı ermənilərin söylədiklərinin, yəni "qaniçən azərbaycanlı" obrazı əvəzinə, insanpərvərlik nümunəsi göstərmiş sumqayıtlı azərbaycanlılarından ağızdolusu danışaraq, "Səməngül" adlı sadə bir azərbaycanlı qadının erməni qonşularını öz həyatını təhlükəyə ataraq necə müdafiə etdiyinin şahidi olduğunu bildirdi və göstərdi ki, belə faktlar yüzlərlə olub. Sonda qeyd etmək istəyirəm ki, hazırda həmin iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilməklə, Rusiya Federasiyası, Ukrayna, Belarus və Moldova hüquq mühafizə orqanlarına SSRİ Prokurorluğunun istintaq qrupunun üzvləri barədə məlumatlar əldə edilməsi üçün sorğular verilib".

R.Usubov bildirib ki, hadisələrlə bağlı işin istintaqı tam, hərtərəfli və obyektiv aparılmamış, hadisələrin əsl mahiyyəti açılmamış, faktiki olaraq gizlədilmiş, cinayətlərin bütün iştirakçıları müəyyən edilməmiş, cinayətin baş vermə səbəb və şəraiti qətiyyən araşdırılmamışdır. Bütün bunlar Sumqayıt hadisələrinin yenidən araşdırılması zərurətini yaratmışdır.

O, xüsusi vurğulayıb ki, cinayətin təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün müvafiq beynəlxalq orqanlara müraciət edilməsi və bunun üçün hüquqi əsasların müəyyən olunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Baş Prokurorluq Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlarla bağlı cinayət işləri üzrə istintaqı təzələyib və istintaqın hərtərəfli aparılması üçün Baş prokurorun birinci müavininin rəhbərliyi ilə Baş Prokurorluğun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İstintaq qrupu tərəfindən Sumqayıt hadisələrinin çoxsaylı şahidlərinin, həmin hadisələrdən məlumatı olan digər insanların, o cümlədən SSRİ Prokurorluğunun istintaq qrupuna daxil olan şəxslərin ifadələri alınmış, xarici ölkələrə müvafiq sorğular göndərilmiş, arxiv sənədləri açılmış, mətbuatda verilmiş məlumatlar təhlil edilmiş, digər zəruri istintaq-əməliyyat tədbirləri görülmüşdür.

Aparılmış istintaq nəticəsində Sumqayıt hadisələrinin həqiqi mahiyyəti üzə çıxmış, bu hadisələrin əsas sifarişçi və təhrikçiləri Qorbaçov, sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst dairələr və "Böyük Ermənistan" xülyası ilə yaşayan erməni millətçi və separatçı qüvvələrinin olması müəyyən edilmişdir.

Hazırda aparılan istintaqın əsas məqsədi də məhz Sumqayıt hadisələri ilə əlaqədar erməni yalanlarını üzə çıxarmaq, toplanmış sübutlarla bu hadisələrin əsl mahiyyətini açmaq, mümkün qədər cinayətin bütün iştirakçılarını, əsasən də təşkilatçılarını müəyyən etməkdir. Bu məqsədlə Baş prokuror cənab Zakir Qaralovun əmri ilə SSRİ Baş Prokurorluğunun istintaq qrupunun aparmış olduğu və icraatlarını dayandırdığı cinayət işlərinin öyrənilməsi üçün prokurorluğun təcrübəli işçilərindən ibarət komissiya yaradılmış və komissiya işləri öyrənərək həmin işlərin icraatlarının təzələnərək yenidən istintaq aparılmasını tövsiyə etmişdir. Aparılan istintaq zamanı Sumqayıt şəhərində yaşayan milliyyətcə erməni olan qadınlar dindirilmiş və onlar ifadələrində azərbaycanlıların həmin hadisələr zamanı yüzlərlə erməninin həyatını xilas etmələrini göstərmişlər.

Bildirilmişdir ki, Sumqayıt hadisələrinin SSRİ xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsi barədə məlumatlar hələ 1989-1990-cı illərdə aparılmış istintaq zamanı əldə edilmişdir. Belə ki, o vaxt başlanmış cinayət işinin materiallarında Sumqayıtda talanlar etmiş qrupa rəhbərlik edən, ermənilərin öldürülməsində, zorlanmasında, əmlaklarının məhv edilməsində fəal iştirak edən erməni Eduard Qriqoryanın kütləvi iğtişaşlar ərəfəsində şübhəli şəxslərlə görüşməsi, onlardan Sumqayıtda yaşayan ermənilərin siyahısını alması, hadisələr zamanı öz qrupunun üzvlərinə spirtli içkilər və psixotrop preparatlar paylaması barədə ifadələr var idi. Lakin bu məlumatlar SSRİ Prokurorluğunun istintaq qrupu tərəfindən araşdırılmırdı. Əksinə, kütləvi iğtişaşların təşkilatçılarını aşkara çıxara bilən məlumatlar ört-basdır edilirdi. Azərbaycanın hüquq mühafizə orqanlarının sorğularına Ermənistandan və Moskvadan mücərrəd, heç bir informasiya daşımayan cavablar göndərilirdi, Qriqoryanın erməni millətçiləri ilə əlaqələrinin müəyyən edilməsinə yönəlmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə imkan verilmirdi. Belə şəraitdə talanların kimlər tərəfindən təşkil edilməsi, Sumqayıt iğtişaşlarının arxasında kimlərin olmaları ilə bağlı əsas suallar cavabsız qalmışdı.

Yeni açılmış hallar onu göstərir ki, Sumqayıtda baş vermiş kütləvi iğtişaşlar Eduard Qriqoryan, onun iki qardaşı, Dağlıq Qarabağdan xüsusi tapşırıqlarla gəlmiş emissarlar və DTK-nın agentləri tərəfindən təşkil olunmuşdur. Dağlıq Qarabağdan olan emissarlar Eduard Qriqoryanı ətraflı təlimatlandırmış, ona Sumqayıtda yaşayan və separatçıların yaratdığı "Qarabağ" və "Krunk" təşkilatlarına pul köçürməyən ermənilərin siyahısını və dəqiq ev ünvanlarını vermişlər. Bu emissarlar aqressivliyi artırmaq məqsədi ilə iğtişaş iştirakçılarına paylanması üçün Qriqoryanı psixotrop dərmanlar və spirtli içkilərlə təmin etmişlər. Hadisələr zamanı isə bu şəxslər Eduard Qriqoryan və onun qardaşı Albert Qriqoryan ilə birlikdə camaata soyuq silah paylayırdılar.

Dövlət Təhlükəsizlik Komitəsinin açılmış arxiv materiallarından məlum olmuşdur ki, Dağlıq Qarabağ separatçılarının emissarları, SSRİ DTK-nın agentləri olan Sarkisyan, Osipov (Osipyan) və digərləri Sumqayıt hadisələrində fəal iştirak etmiş və həmin hadisələrdən dərhal sonra Orta Asiya respublikalarına ezam olunmuşlar. Bu agentlərin izləri sonradan Özbəkistan və Qırğızıstandakı hadisələr zamanı aşkar olunmuşdur. Bu fakt Sumqayıtda, Fərqanədə, Oşda və keçmiş SSRİ-nin digər yerlərində baş vermiş təxribatların bir mərkəzdən təşkil və idarə edildiyini birmənalı təsdiqləyir.

Sumqayıtdakı kütləvi iğtişaşların əvvəlcədən təşkil edilmiş aksiya olmasını sübut edən faktlardan biri də talançıların hərəkət etdikləri marşrut üzrə yerləşdirilmiş naməlum şəxslər kütləvi iğtişaşlarda iştirak edənlərin bütün hərəkətlərinin videoçəkilişini aparmasıdır. Bu kadrlar Qərb ölkələrinin televiziya kanallarında operativ şəkildə göstərilmişdir. Şübhəsiz ki, çəkiliş aparan şəxslər talançıların planları haqqında əvvəlcədən məlumatlı idilər.

Sumqayıtda təxribatın hazırlanmasını göstərən növbəti sübut. Bir çox erməni şəhəri əvvəlcədən tərk edir, 1988-ci ilin yanvar-fevral aylarında ermənilər tərəfindən Sumqayıt şəhərindəki əmanət kassalarından pulların çıxarılması da kütləvi hal alır.

Digər tərəfdən, müəyyən olunmuşdur ki, Sumqayıt hadisələri ərəfəsində Ermənistandan və Dağlıq Qarabağdan Sumqayıt və Bakı şəhərlərinə çoxlu sayda milliyyətcə erməni olan şübhəli şəxslər gəlmiş, onların bir qismi mehmanxanalarda yığcam yerləşdirilmişdir. Həmin şəxslər Sumqayıtda yaşayan ermənilərlə çoxsaylı görüşlər keçirmiş, onları təlimatlandırmış, baş vermiş kütləvi iğtişaşlardan dərhal sonra isə yoxa çıxmışlar.

Baş prokurorun birinci müavini Rüstəm Usubov hazırda həmin iş üzrə tam və hərtərəfli istintaq aparılmaqla Rusiya Federasiyası, Ukrayna, Belarus və Moldova hüquq mühafizə orqanlarına SSRİ Prokurorluğunun istintaq qrupunun üzvləri barədə məlumatlar əldə edilməsi üçün sorğular verilməklə istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyini bildirdi.

Daha sonra akademik İsa Həbibbəyli, kitabın həmmüəllifləri Ramazan Məmmədov, Eyruz Məmmədov, professor Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Rafael Hüseynov və başqaları çıxış edərək kitabın ərsəyə gəlməsinin mühüm, əhəmiyyətli və eyni zamanda, gərgin bir fəaliyyətin məntiqi nəticəsi olduğunu vurğulayıblar.

Bildirilib ki, bədnam qonşularla bütün sahələrdə müharibə vəziyyətində olan Azərbaycan bütün sahələrdə Ermənistanı üstələsə də, tarixi hadisələrin dünya ictimaiyyətinə çatdırılması baxımından müəyyən boşluqlarla üzləşib. Sumqayıt hadisələrini araşdıran istintaq-əməliyyat qrupuna AMEA-nın Tarix İnstitutunun fəal köməklik etdiyini bildirən alimlər Gəncə quberniyasında, Zəngəzurda, Qarabağda, Naxçıvanda, İrəvanda və digər bölgələrdə ermənilərin törətdikləri soyqırımların bütövlükdə araşdırılaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində respublikanın hüquq mühafizə orqanları ilə daha sıx əməkdaşlığın vacibliyi vurğulanıb.

Tədbirdə kitab haqqında geniş müzakirələr aparılıb, suallar ətraflı cavablandırılıb. Vurğulanıb ki, kitab ölkəmizin müasir tarixini, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəblərini tam reallıqları ilə əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti