Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir H.Vəliyev/
Azərbaycanda əlillər və şəhid ailələri mənzillə təmin olunacaqlar. Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda 5611 nəfər mənzil növbəsində dayanıb: "Onlardan 538-i bu il mənzillə təmin olunacaqlar. Növbədə dayanan şəxslərin mənzillə təmin olunması məsələsi sonrakı 5 il ərzində həll olunacaq. Hazırda bu istiqamətdə araşdırmalar davam edir".
Nazir qeyd edib ki, nazirliyin müvafiq təklifi Novruz bayramından sonra dövlət başçısına təqdim olunacaq: "Hələ 1994-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs rejimi haqqında razılaşmanın əldə olunmasına baxmayaraq, mənzil almaq üçün nazirliyə müraciət edənlərin sayı getdikcə artır. Buna görə də bu məsələdə ciddi nəzarət mexanizmi tələb olunur".