Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir İ.İzzət/
II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqla bağlı təşkilat komitəsinin son toplantısı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məqsədi ilə Türkiyədə silsilə görüşlər keçirilib. Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri, sabiq xarici işlər naziri və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Hikmət Çətinlə Ankarada baş tutan görüşdə Forumda müzakirə ediləcək mövzular barədə fikir mübadiləsi aparılıb. Müzakirədə əsas diqqət II Müştərək Cəmiyyətlər Forumunun əsas mövzularından biri olan münaqişələrin həllinə ayrılıb.
Görüş zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə də toxunan Hikmət Çətin bildirib ki, təşkilat artıq bir beynəlxalq təşəbbüs olaraq böyük düşüncə mərkəzinə çevrilib. Qeyd edək ki, Forumun işində Hikmət Çətinin iştirakı və çıxışı nəzərdə tutulub.
Bu arada, Misirin paytaxtı Qahirədə Foruma hazırlıqla əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldinin rəhbərliyi ilə təşkilat komitəsinin son toplantısı keçirilib. Toplantıda iştirak edən Latviyanın keçmiş prezidenti Vayra Vike Frayberqa, Boliviyanın keçmiş dövlət başçısı Jorge Quiroga, Niderlandın keçmiş baş naziri Vim Kok, BMT-nın Hökumət Komissiyasının sədri, YUNESKO və Ümümdünya Telekommunikasiya Birliyinin Brodband Komissarı, səfir Valter Füst Forumda müzakirə ediləcək məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, 2013-cü ilin mayında Bakıda keçirilmiş I Cənubi Qafqaz Forumunun davamı olan II Qlobal Müştərək Cəmiyyətlər forumu bu il 27-30 aprel tarixlərində baş tutacaq. Forumda 200 nəfər keçmiş dövlət və hökumət başçısının, eləcə də nüfuzlu elm adamları, ictimai xadimlərin iştirakı gözlənilir.